Çempion komandanın baş məşqçisi: Azərbaycan həndbolu Avropada öz sözünü deyəcək
Bakı, 14 may, AZƏRTAC
"Ölkə çempionu olduğumuz üçün xoşbəxtik. Bu cür nəticələrlə həm də özümüzü inkişaf etdiririk".
Bu sözləri AZƏRTAC-a açıqlamasında kişi həndbolçulardan ibarət "Kür" komandasının baş məşqçisi Nasser Salimi ölkə çempionu olmaları barədə danışarkən deyib.
O, bu mövsüm rəqabətli yarışa şahidlik etdiklərini bildirib: "Dörd komandanın heyətində legioner oyunçular çıxış edirdilər. Onlar həm klubun, həm də özlərinin inkişafı üçün müəyyən işlər gördülər. Mövsüm ərzində bəzi itkilərlə üzləşsək də, son turda "Bakı" üzərində qazanılan gözəl qələbə sayəsində qızıl medalları təmin etdik. Əgər fikir versək, rəqib qapılarından keçirdiyimiz qol statistikasında da üstün idik".
Mütəxəssisin sözlərinə görə, rəqiblərin "Kür"lə oyunlara fərqli yanaşması komandaya əlavə stimul verib: "Digər kollektivlər bizə qarşı sərt və ciddi mübarizə aparırdı. Bu da çempionatının səviyyəsinin ildən-ilə yüksəlməsinə kömək edir. Belə davam edərsə, bu, həm qadın, həm də kişi yığmalarının böyüməsinə yol açacaq. Ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycan həndbolu Avropada öz sözünü deyəcək”.
İranlı mütəxəssis komandasının gələcək hədəflərindən də söz açıb: "Məqsəd keyfiyyətli komanda qurmaq, çempionatda, kubokda nəticə qazanmaq və Azərbaycanı Avropada layiqincə təmsil etməkdir. Ölkə həndbolunun gələcəyi işıqlıdır".
Qeyd edək ki, “Kür” son turda “Bakı”ya 23:18 hesabı ilə qalib gələrək çempion adını qazanıb.