Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub sularında narkotik vasitə aşkarlanaraq götürülüb
Bakı, 14 may, AZƏRTAC
Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin olunması, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə mayın 12-də DSX-nın Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri, texniki müşahidə məntəqəsi və sərhəd gözətçi gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Ələt reydində Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində sahildən 10.7 mil məsafədə ümumi çəkisi 26 kiloqram narkotik vasitə marixuana aşkarlanaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.