Direktor: Azərbaycanın kənd təsərrüfatında İtaliya texnikaları böyük çəkiyə malikdir
Bakı, 14 may, AZƏRTAC
Bu gün İtaliyanın kənd təsərrüfatı texnikaları sahəsində ölkəmizdə aktiv iştirak etməsi çox vacibdir. Biz kənd təsərrüfatında müasir texnologiyalardan istifadə edilməsində maraqlıyıq.
AZƏRTAC xəbər verir ki, bunu Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə Bakıda keçirilən “Azərbaycan və İtaliya - daha yaxşı qida istehsalı naminə” tədbirində çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanda kənd təsərrüfatı sahəsində, əsasən MDB ölkələrinin texnikalarından istifadə olunur. Son dövrlərdə isə Avropa, əsasən İtaliya mənşəli texnikaların idxal göstəriciləri böyük çəkiyə malikdir.
“Bu, çox yaxşı göstəricidir ki, bizim kənd təsərrüfatı sahəsinin texnika parkı İtaliyanın texniki avadanlığı əsasında formalaşır. Soyuducu anbar avadanlıqları, quşçuluq və heyvandarlıq avadanlıqlarının 40 faizi subsidiyalaşır. Yeni innovativ texnologiyalar da subsidiyalaşdırılan texnikalar siyahısına daxildir. Biz daha çox yaşıl texnologiyaların fermerlər tərəfindən tətbiqini dəstəkləyirik. Eyni zamanda, heyvandarlıqda da Avropa mənşəli cins heyvanların xüsusi çəkisini artırmaq niyyətindəyik. Bütün bunlar elektron sistem üzərindən həyata keçirilir. Kənd təsərrüfatının təchizat bazarı liberaldır. İstənilən İtaliya şirkətinin burada müəssisə qurub, bu təchizatı həyata keçirməsinə şərait var”, - deyə F.Fikrətzadə qeyd edib.