Ankara Universitetində Azərbaycanşünaslıq Mərkəzinin yaradılması təklif olunub
Ankara, 16 may, AZƏRTAC
Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Ankara Universitetinin rektoru professor Necdet Ünüvar ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüş zamanı rektor Necdet Ünüvar Ankara Dövlət Universitetinin Azərbaycanın aparıcı universitetləri ilə əməkdaşlıq əlaqələri qurduğunu və ölkəmizlə əlaqələrin daim diqqət mərkəzində olduğunu qeyd edib. O, təməli Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk tərəfindən qoyulmuş və 1946-cı ildə Cümhuriyyətin ilk universiteti kimi yaradılan təhsil ocağının hazırda 19 fakültə olmaqla ölkə üçün yüksək səviyyəli mütəxəssislərin hazırladığını qeyd edib. Rektor Necdet Ünüvar Ümummilli Lider, Türk dünyasının dahi siyasətçisi Heydər Əliyevin Ankara Universitetini ziyarət etməsindən, onun Azərbaycan-Türkiyə qardaşlığı üçün gördüyü işlərdən də danışıb.
Samir Abbasov Azərbaycan mədəniyyəti, tarixi, dili və ədəbiyyatının tanıdılması və təbliği məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə qardaş ölkədə yaradılmış Mədəniyyət Mərkəzinin Türkiyə universitetləri ilə əməkdaşlıq çərçivəsində birgə layihələr həyata keçirməyi nəzərdə tutduğunu söyləyib. O, Ankara Universitetinin Azərbaycan-Türkiyə münasibətləri ilə əlaqədar daim tədbir və layihələrdə öndə olduğunu deyib, bu ali təhsil ocağının Azərbaycan universitetləri ilə əlaqələrindən bəhs edib. Həmçinin çoxsaylı azərbaycanlı tələbələrin bu universitetdə təhsil almasından məmnunluğunu ifadə edib. Samir Abbasov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan-Türkiyə əlaqələrinin qardaşlıq səviyyəsinə yüksəlməsindəki müstəsna rolundan danışıb və gələcəkdə universitetdə birgə layihə çərçivəsində Heydər Əliyev - Azərbaycanşünaslıq Mərkəzinin yaradılması təklifi ilə çıxış edib.
O, həmçinin Mərkəzdə universitetdə təhsil alan azərbaycanlılardan ibarət Tələbə Gənclər Təşkilatının qurulması və fəaliyyəti, habelə Ankara Universitetinin tarixçilərinin iştirakı ilə Azərbaycan-Türkiyə müttəfiqliyi, Qərbi Azərbaycanda xalqımızın yaratdığı irs, mədəniyyət, tarix mövzusunda tədqiqat əsərinin işlənməsi, tədqiqat aparacaq redaksiya heyətinin alimlərinin ölkəmizdə beyin mərkəzlərində işləməsinə şərait yaradılması və s. təkliflər səsləndirib. Müvafiq razılıqlar əldə olunub.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara