ANKARADA AZƏRBAYCANLI MƏZUNLARIN BURAXILIŞ MƏRASİMİ OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyə paytaxtındakı Heydər Əliyev Parkında bu dərs ilində qardaş ölkənin müxtəlif universitetlərini bitirmiş 200-ə yaxın azərbaycanlı gəncin buraxılış mərasimi keçirilmişdir.
Mərasim iştirakçıları əvvəlcə ulu öndərin xatirəsini ehtiramla yad etmiş, müraciət səsləndirmişlər.
Azərbaycanın Ankaradakı səfirliyində təşkil edilən tədbirdə isə Türkiyə prezidentinin köməkçisi Hüseyn Avni Karslıoğlu, ölkənin Təhsil Nazirliyi və ali təhsil qurumunun rəhbərləri, nüfuzlu universitetlərin professorları iştirak edirdilər. Səfir Zakir Həşimov məzunları təbrik edərək onlara ölkəmizin daha da çiçəklənməsi yolundakı fəaliyyətlərində uğurlar arzuladı. Təhsil attaşesi Nəcibə Nəsibova tədbir iştirakçılarına Azərbaycanın təhsil naziri Misir Mərdanovun təbrik məktubunu çatdırdı.
İstanbul Universitetinin məzunu Aytəkin Mustafayeva Türkiyədə təhsil almaq üçün yaradılmış şəraitə görə Azərbaycan və Türkiyə dövlətlərinə, eləcə də universitet müəllimlərinə bütün məzunlar adından minnətdarlığını bildirdi.
İstanbul Texniki Universitetinin təyyarə və kosmik elmlər fakültəsini təhsil ocağının tarixində ən yüksək balla bitirmiş ilk məzun Teymur Sadıgova xüsusi xatirə hədiyyəsi təqdim edildi.
Azərbaycanlı məzunlar ölkə prezidenti İlham Əliyevin çağırışına uyğun olaraq təhsillərini başa çatdırdıqdan sonra fəaliyyətlərini Azərbaycanda davam etdirəcəklərini bildirdilər.
Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin dəstəyi ilə keçirilən buraxılış tədbirləri məzunlar üçün təşkil olunmuş ziyafətlə davam etdi.
Tanınmış müğənni Rəşad İlyasovun ifası və milli rəqslərimiz məzunlarımızın həyatındakı bu mühüm gündə onlara unudulmaz anlar bəxş etdi.