ANKARADA PETKİM ŞİRKƏTİNİN SOCAR-TURGAS ORTAQLIĞINA TƏHVİL-TƏSLİM MƏRASİMİ OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 30-da Ankaradakı “Şeraton” hotelində Türkiyənin Petkim şirkətinin SOCAR-Turgas ortaqlığına təhvil-təslim mərasimi olmuşdur.
Mərasimdə çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirdi ki, iqtisadiyyatı dünyada sürətlə inkişaf edən ölkəmizin ən böyük xarici sərmayəsi Petkim şirkətinə yönəldilmişdir və sevindirici haldır ki, bu sərmayə qardaş Türkiyədə həyata keçirilir. Ulu öndər Heydər Əliyevin söylədiyi kimi “bir millət, iki dövlət” olan Türkiyə və Azərbaycanın bir millət və vahid iqtisadiyyat olmasını istəyirik. Nəhəng enerji layihələri olan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri artıq Türkiyəyə də gəlir gətirməkdədir. İndi Azərbaycan xam neftini qardaş ölkədə emal etmək və dünya bazarına hazır məhsul çıxarmaq istəyir.
Turgas şirkətinin prezidenti Ərdal Aksoy özəlləşdirmədən sonrakı proseslər haqqında məlumat verərək bildirdi ki, SOCAR-Turgas bu günədək 1milyard 660 mlyon dollar vəsaiti nağd ödəmiş, qalan 380 milyon dolları isə hissələrlə ödəyəcəkdir. Türkiyədəki banklardan alınan kreditin məbləği isə 625 milyon dollar olmuşdur ki, bu da ümumi sərmayənin cəmi 30 faizini təşkil edir. ARDNŞ-in Ceyhan terminalında yaradacağı neft emalı zavoduna gəldikdə isə, 10 milyard dollar sərmayə qoyulacaq bu müəssisənin mühəndis işləri 1 il ərzində başa çatacaq, 5 ilə isə zavod işə salınacaqdır.
Türkiyənin maliyə naziri Kamal Unakıtan Azərbaycan və Türkiyəni bu mühüm layihə münasibətilə təbrik etdi və hər iki ölkəyə xeyirli olmasını dilədi. Qeyd etdi ki, Petkimin qardaş olan ölkənin dövlət şirkəti tərəfindən özəlləşdirilməsi Azərbaycanın öz zəngin ehtiyatlarını dünya bazarına çıxarmaq arzusunun, Türkiyənin isə sərmayələr cəlb etmək istəyinin reallaşması baxımından çox əhəmiyyətlidir.
Sonra Petkimin təhvil-təslim sənədinin imzalanması mərasimi oldu. Sənədi ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, Türkiyənin maliyə naziri Kamal Unakıtan, Turgas şirkətinin prezidenti Ərdal Aksoy, Türkiyənin Özəlləşdirmə İdarəsinin sədri Mətin Kilci imzaladılar.
Tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov iştirak etmişdir.
######
![]() |
