DÜNYA
Ankarada Türkiyə-ABŞ əlaqələrinə dair müzakirələr aparılıb
![Ankarada Türkiyə-ABŞ əlaqələrinə dair müzakirələr aparılıb](/files/2022/1/1200x630/16465115865188436216_1200x630.jpg)
Ankara, 6 mart, AZƏRTAC
Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal və ABŞ Dövlət katibinin müavini Vendi Şermanın rəhbərlik etdikləri nümayəndə heyətlərinin Ankarada keçirdikləri görüşdə ikitərəfli münasibətlər, Ukrayna böhranı və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
AZƏRTAC Türkiyə Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, müzakirələrdə iki ölkə arasında davamlı əməkdaşlığın dialoq yolu ilə dərinləşməsinə dair ortaq iradə göstərilib. Bəzi məsələlərdə fikir ayrılığı olmasına baxmayaraq Türkiyə və ABŞ-ın iqtisadi və ticarət əlaqələri, terrorizmlə mübarizə, hərbi-müdafiə sahəsində əməkdaşlıq daxil olmaqla müsbət gündəmin mövcud olduğu ifadə edilib. Bu kontekstdə Türkiyə Prezidenti ilə ABŞ Prezident arasında razılaşdırıldığı kimi, iki ölkə arasında strateji dialoq mexanizminin həyata keçirilməsi üçün qarşıdakı dövrdə atılacaq konkret addımların müəyyən edilməsi üçün məsləhətləşmələr aparılıb.
Bildirilir ki, Türkiyə ilə ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyin təsdiqləndiyi görüşdə böhranın çoxölçülü təsirlərinin idarə olunması, diplomatik həllin dəstəklənməsi üçün yaxın koordinasiyanın vacibliyi vurğulanıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara