Ankarada ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub
Ankara, 10 may, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə ölkəmizin Türkiyədəki səfirliyi və Ankara Universitetinin birgə təşkilatçılığı ilə vebinar keçirilib.
AZƏRTAC xəbər verir ki, vebinarda səfir Xəzər İbrahim, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Ankara Universitetinin rektoru Necdət Ünüvar və Altınbaş Universitetinin rektoru Çağrı Erhan çıxış ediblər.
Azərbaycan xalqının böyük oğlu, xalqımızın, ölkəmizin və dövlətimizin xilaskarı Heydər Əliyevin tarixi missiyasından bəhs edən çıxışçılar vurğulayıblar ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası Ulu Öndərimizin siyasi fəaliyyətində ən mühüm amil olub. Bu gün qüdrətli Azərbaycan dövlətinin gücü ilə sərhədlərimiz bərpa edilib. Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyev yarım əsrə yaxın dövrü əhatə edən rəhbərliyi dövründə Azərbaycanın hərtərəfli inkişafı, mədəniyyətinin tanınması, dəyərlərinin qorunması istiqamətində böyük işlər görüb. Ulu Öndərin siyasi hakimiyyətinin ikinci dövründə Azərbaycan dövlətinin varlığı ciddi təhlükələrlə qarşı-qarşıya olub. Heydər Əliyevin tarixi missiyasının mahiyyətini görmək üçün 1990-cı illərdə baş verənlərlə 44 günlük Vətən müharibəsində qazanılan rəşadətli Zəfəri müqayisəli şəkildə təhlil etmək lazımdır.
Natiqlər qeyd ediblər ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə yenilməz Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının gücünü bir daha bütün dünyaya əyani şəkildə göstərib.
Çıxışlarda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, xilaskarlıq missiyası, Azərbaycanın dövlət müstəqilliyinin qorunması və inkişafı istiqamətindəki tarixi qərarları, Azərbaycan-Türkiyə münasibətlərində dinamizmin təmin olunmasında müəyyənləşdirdiyi strategiya, Türkiyə Böyük Millət Məclisindəki çıxışı, Naxçıvanın müdafiəsi və inkişafı və digər mühüm məqamlardan bəhs olunub.
Əminliklə ifadə edilib ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri ümummilli lider Heydər Əliyevin “Bir millət, İki dövlət!” ifadəsinin həyata keçməsində müstəsna rol oynayıb. Üçrəngli dövlət bayrağımızı ilk dəfə rəsmi olaraq Naxçıvan parlamentində ucaldan ulu öndər Heydər Əliyev hər zaman Azərbaycan xalqının yanında olub, Türkiyə ilə tarixi qardaşlıq münasibətlərinin bərpası istiqamətində mühüm addımlar atıb. Bütün bu fəaliyyətləri yüksək dəyərləndirən qədirbilən Azərbaycan və Türkiyə xalqları ümummilli lider Heydər Əliyevin əziz xatirəsini əbədi olaraq qəlblərində yaşadırlar. Ulu Öndərimizin tarixi missiyasına verilən ümumxalq dəyəri əbədiyyətə qədər var olacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara