ANNA QURBANOVANIN KLUBU İTALİYA ÇEMPİONATININ FİNALINDA ÜÇÜNCÜ OLMUŞDUR
Azərbaycan gimnastı Anna Qurbanovanın çıxış etdiyi “Ardor” komandası İtaliyanın “A1” seriyasında klub çempionatının final mərhələsində 3-cü yeri tutmuşdur.
Respublika Gimnastika Federasiyasından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Anna iplə hərəkətlərdə 16,75 bal toplamışdır ki, bu da komandada ən yüksək, rəqibləri arasında isə ikinci nəticə olmuşdur. Gürzlə hərəkətlərinə görə isə 15,725 bal almışdır. “Ardor” ümumən 78,275 xal toplamışdır.
A.Qurbanova mükafatlandırma mərasimindən sonra demişdir: “Rəqabəti nəzərə alsaq, İtaliya çempionatında üçüncü yeri tutmaq da çox şərəflidir. Çıxışımdan razıyam, lakin birinci pilləyə qalxmaq üçün komandanın cəmi 2 xalı çatmamışdır”.
Digər gimnastımız Aliyə Qarayevanın çıxış etdiyi “San-Corcio-79” klubu isə bu dəfə 6-cı yeri tutmuşdur. Aliyənin lentlə hərəkətləri 15,05 bal qiymətləndirilmişdir ki, bu da komandada ikinci nəticədir. Halqa ilə rəqsinə görə isə 14,875 bal toplamışdır. Onun kollektivinin ümumi yekunu 74,3 baldır.
Gimnastika Federasiyasında bildirmişlər ki, A.Qurbanova və A.Qarayeva, habelə Dinara Gimatova martın 16-18-də Kiyevdə keçiriləcək Dünya kuboku yarışlarında iştirak edəcəklər. Daha bir gimnastımız Zeynəb Cavadlı isə təlim-məşq toplanışlarını davam etdirmək üçün Moskva vilayətindəki Novoqorsk şəhərinə yollanacaqdır.
Bu arada Rusiya məşqçisi İnna Bıstrovanın təlim keçdiyi yeniyetmə gimnastlardan ibarət qrup hərəkətləri komandası Bakıda məşqlərini başa çatdırmışdır. Məşqçi demişdir ki, qrup 5 cüt gürzlə kompozisiyadakı dəyişmələrə sürətlə uyğunlaşmışdır və həmin nömrə ilə yayda Bakıda keçiriləcək Avropa çempionatında çıxış edəcəkdir. Qrup bu proqramı aprel ayınadək təkmilləşdirəcəkdir.
Yaşlı gimnastlardan ibarət qrup komandasına gəldikdə isə, bu məqsədlə Bakıya Rusiyadan məşqçi İrina Zenovka dəvət edilmişdir. O, Yunanıstanda keçiriləcək beynəlxalq turnir ərəfəsində komandanın kompozisiyasını nəzərdən keçirəcəkdir.