Aqrar Universitetlə Ege Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub
Gəncə, 29 yanvar, Rauf Hacıyev, AZƏRTAC
Prezident İlham Əliyevin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası ilə əlaqədar Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, bağçılıq kafedrasının dosent əvəzi Fəqan Ağayev, Kənd Təsərrüfatı Nazirliyi aparatının təhsil və təlim şöbəsinin müdiri İmran Cümşüdov yanvarın 27-dən 29-dək Türkiyənin İzmir şəhərində yerləşən Ege Universitetində səfərdə olublar.
Aqrar Universitet mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu səfərdə ADAU əməkdaşları ikili diplom çərçivəsində Ege Universitetinin rektoru, professor Necdet Budak, prorektorlar, fakültə dekanları ilə görüşdə iştirak edib, ikili diplomların verilməsi ilə bağlı müzakirələr aparıblar.
Sonra qonaqlar universitetin müvafiq fakültələrinin tədris proqramları, tədris və tədqiqat metodları, maddi-texniki bazası ilə tanış olub, əməkdaşlıq imkanlarını müzakirə ediblər. Hər iki tərəf bu əməkdaşlığın qurulmasında və davamlı olmasında maraqlı olduğunu bildirib.
Görüşlərin təşkilinə və keçirilməsinə Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova yaxından kömək göstərib.