CƏMİYYƏT
AQTA sədri Qusarda vətəndaşları qəbul edəcək
Bakı, 4 oktyabr, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2024-cü ilin oktyabr ayı üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli oktyabrın 21-i saat 10:00-da Qusar Rayon Heydər Əliyev Mərkəzində Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonlarından olan vətəndaşları qəbul edəcək.
Bu barədə AZƏRTAC-a Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Vətəndaşlar Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə (qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləmə, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsi və s.) bağlı adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq oktyabrın 20-dək qəbula yazılmalıdırlar.
Eyni zamanda AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, tibbi profilaktika, aqronomluq, bitki mühafizəsi, kimya, biologiya, torpaqşünaslıq və aqrokimya, baytarlıq ixtisasına yiyələnmiş vətəndaşlar müraciət edə bilərlər.