CƏMİYYƏT
AQTİ ilə Litva Milli Qida və Baytarlıq Risk Qiymətləndirilməsi İnstitutu arasında görüş keçirilib
Bakı, 5 mart, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsi, habelə qarşılıqlı bilik və təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi sahəsində işləri davam etdirir.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, həmin məqsədlə Litva Milli Qida və Baytarlıq Risk Qiymətləndirilməsi İnstitutu ilə keçirilən onlayn görüşdə tərəflər arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi və genişləndirilməsi ilə əlaqədar fikir mübadiləsi aparılıb.
Görüşdə AQTİ-də aparılan elmi-praktiki araşdırmalar və həyata keçirilən tədqiqat işləri və qida təhlükəsizliyi sahəsində tətbiqi nəzərdə tutulan yeniliklərdən bəhs olunub, beynəlxalq standartların tətbiqi, peşəkar mütəxəssis hazırlığı və s. məsələlərə toxunulub. Daha sonra qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahədə mövcud vəziyyətlə əlaqədar fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.
Görüş çərçivəsində ilkin əməkdaşlıq formalarının təyin edilməsi üçün bir çox mövzular araşdırılıb, həmçinin AQTİ tərəfindən prioritet istiqamətlərin müəyyən olunaraq qarşı tərəfə göndərilməsi üzrə razılıq əldə edilib.