AQTİ-nin əməkdaşları Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri ilə görüşüblər
Bakı, 5 oktyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) əməkdaşları Gəncədəki Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) qida mühəndisliyi və baytarlıq ixtisasları üzrə təhsil alan tələbələrlə görüşüb.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, həmçinin institutun fəaliyyət istiqamətlərinə uyğun ixtisaslar üzrə Azərbaycan Dövlət Aqrar Universitetində təhsil almış məzunların işə qəbulu və onların potensialından səmərəli istifadə olunması məqsədilə keçirilib.
Görüşdə tələbələrə AQTİ-nin fəaliyyəti barədə geniş məlumat verilib. Qeyd edilib ki, institutun müasir infrastruktura malik laboratoriyalarında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı, eləcə də kompleks tədqiqatlar üzrə elmi-praktik araşdırmalar, tədqiqatlar aparılır, laborator analizlər, sınaq işləri həyata keçirilir. Elmi fəaliyyətlər zamanı ixtisaslı mütəxəssislərin formalaşdırılmasına və kadr potensialının peşəkarlıq səviyyəsinin artırılmasına əhəmiyyət verilir. Təcrübə mübadilələrinə xüsusi diqqət yetirən AQTİ yüksək ixtisaslı kadrların qida təhlükəsizliyi sahəsində elmi-praktik araşdırma və tədqiqat işləri aparmasına da kömək göstərir.
Görüş zamanı institutda işə qəbul prosedurları, təcrübə və könüllülük proqramları haqqında da məlumat verilib, tələbələrin sualları cavablandırılıb.