Aran zonasında ağac əkilən zaman hansı qaydalara əməl olunmalıdır - mütəxəssis rəyi
Bakı, 25 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə noyabr ayında bir gündə indiyədək görünməmiş sayda, 650 min ağac əkiləcək.
Bu təşəbbüsün həyata keçirilməsi ərəfəsində ağacların əkin qaydaları, üsulları, təbii şəraitə və relyefə uyğun ağac seçimləri, əkilən ağacların bitiş faizinin yüksək olması üçün nə edilməli, mütləq olaraq yerinə yetirilməsi vacib sayılan texniki göstəricilər barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əkinçilik üzrə mütəxəssisi Rəhim İbrahimov AZƏRTAC-ın saytında ağac əkmək təşəbbüsünə qoşulmaq istəyənlərə mütəmadi olaraq öz tövsiyələrini verir.
Bu dəfə nazirliyin əkinçilik üzrə mütəxəssisi Aran zonasında əkiləcək meyvə ağacları, əkin qaydaları, zəruri texniki göstəricilər barədə fikirlərini bildirib.
Hansı növ meyvə ağacları Aran zonasının iqliminə uyğundur?
Aran zonasında iqlimə və yerli şəraitə uyğun əsasən badam, əncir, nar, ərik, tut, xurma, innab, albalı, alça, armud, gavalı, heyva, iydə, püstə və s. ağaclar əkilə bilər.
Əkin prosesində nələrə diqqət yetirilməlidir?
Meyvə tinglərinin əkilməsi üçün 40 santimetr enində və 40 santimetr dərinliyində çala qazılmalı və bir-birindən 2-4 metr məsafədə əkilməlidir. Tingin ölçüsü 80-120 santimetrə qədər ola bilər. Hündür olarsa baş hissəsindən kəsmək lazımdır ki, tingin kökü formalaşa bilsin. Kökü torpaqlı böyük ağacların (boyu 2-3 metr olan) əkilməsi üçün 50 santimetr enində və 50 santimetr dərinliyində çalalar qazılmalıdır. Ağac tingləri münbit torpaq və üzvi gübrə qarışığı ilə əkilməlidir. Mütləq suvarılma aparılmalı və gövdənin ətrafı torpaqla doldurulmalıdır.
Meyvə ağaclarının yaxşı inkişaf etməsi üçün hansı qaydalara əməl olunmalıdır?
Ağac əkilən vaxtdan inkişaf dövrünə qədər sahəyə baxış keçirilməli, kök boğazı boşalıbsa, dibi mütləq torpaqla bərkidilməlidir.
Meyvə ağaclarında inkişaf dövrü başladıqdan sonra ağac zəif inkişaf edərsə, bu zaman ağacın kök sistemini qüvvətləndirən gübrə verilməlidir. Üzvi gübrələrin payızda ağacın əkilmə zamanı, mineral gübrələrin isə yazda verilməsi məsləhətdir. Yay mövsümündə həftədə iki dəfə suvarma aparılmalıdır və dibləri yumşaldılmalıdır ki, ağac yaxşı inkişaf etsin, yüksək məhsuldarlıq əldə olunsun.
Əkinin birinci ilində həşəratların ağacın gövdəsində qoyduğu yumurtaları məhv etmək üçün ağacın cinsinə uyğun kimyəvi dərmanlardan istifadə etmək məsləhətdir.
Qış mövsümündə inkişaf dayandığından əlavə iş aparılmır. Əgər ağacın çətiri böyükdürsə xırda budama aparmaq olar.