ARD TELEVİZİYASI ETİRAZA CAVAB VERDİ, AMMA...
Reportajın aparıcısı filmdə Xankəndini qondarma “Dağlıq Qarabağ Respublikasının” paytaxtı kimi təqdim etmiş, hətta “respublikanın” hələ rəsmi olaraq tanınmadığına təəssüfləndiyini belə qeyd etməkdən çəkinməmiş, münaqişənin baş verməsi səbəblərini saxtalaşdırmış, açıq-aydın ermənilərə tərəfkeşlik etmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin “ermənipərəst meyildə” işıqlandırılması Almaniyada yaşayan azərbaycanlılarda ciddi etiraz doğurmuşdur.
Almaniyada fəaliyyət göstərən Nizami Gəncəvi adına Mədəniyyət İnstitutunun direktoru Nuridə Atəşi film-reportajla bağlı ARD televiziya kanalına etiraz məktubu göndərmişdir. Məktubda bildirilmişdir ki, film-reportajda həqiqətlər gizlədilib, saxtalaşdırılıb, məsələ birtərəfli işıqlandırılıb. ARD televiziyası etiraz məktubu ilə bağlı araşdırmalar apararaq onu televiziyanın reportajı hazırlayan Moskva ofisinin rəhbəri Albrext Raynharda göndərmiş və etiraz məktubu barədə açıqlama verməyi tələb etmişdir.
Noyabrın 14-də Albrext Raynhard Moskvadan N.Gəncəvi adına Mədəniyyət İnstitutuna cavab məktubu göndərmişdir. Məktub özünəbəraətdən başqa bir şey deyildir.
AZƏRTAC-ın xüsusi müxbirini cavab məktubu ilə tanış edən Nuridə Atəşi bildirmişdir ki, Albrext Raynhardın məktubu özünəbəraətdir. Ancaq biz Avropa tamaşaçılarına həqiqətin çatdırılmasına nail olacağıq.