ARDNŞ-DƏ “STATOYL” ŞİRKƏTİNİN PREZİDENTİ İLƏ GÖRÜŞ
Qonağı səmimiyyətlə salamlayan şirkətin prezidenti “Statoyl”un Azərbaycanın neft sənayesində fəal iştirakını qeyd edərək, dünya şöhrətli bu şirkətlə əlaqələrin bundan sonra da davam və inkişaf edəcəyinə əminliyini bildirmişdir.
Ölkəmizə ilk dəfə səfər etdiyini söyləyən H.Lund Bakı ilə tanışlıqdan, burada keçirdiyi görüşlərdən xoş təəssürat aldığını vurğulamışdır. Qonaq rəhbərlik etdiyi şirkətin Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərdiyini, “Azəri-Günəşli-Çıraq”, “Şahdəniz”, “Araz-Alov-Şərq” və Bakı-Tbilisi-Ceyhan boru kəməri kimi 4 iri layihədə ARDNŞ-lə tərəfdaşlıqdan məmnun olduğunu bildirərək, cari ilin sonunda “Şahdəniz” yatağından ilk qazın hasil edilməsini ümidlə gözlədiklərini, bu mühüm hadisəyə indidən ciddi hazırlaşdıqlarını diqqətə çatdırmışdır.
R.Abdullayev rəhbərlik etdiyi qurumun “Statoyl”un zəngin təcrübəsindən yararlandığını diqqətə çatdıraraq, bu səfərin, keçirilən görüşlərin qarşılıqlı əlaqələrin bundan sonra daha da dərinləşməsinə kömək göstərəcəyinə inandığını bildirmişdir.
Qonaq Norveç hökumətinin “Statoyl”un Azərbaycanda həyata keçirdiyi layihələrə xüsusi diqqət yetirdiyini vurğulayaraq, ARDNŞ-in prezidentini bu ilin avqustunda ölkəsində keçiriləcək beynəlxalq neft-qaz konfransına dəvət etmişdir.
R.Adullayev dəvətə görə təşəkkürünü bildirmiş, qonağa xatirə hədiyyəsi təqdim etmişdir.
Qarşılıqlı anlaşma və səmimilik şəraitində keçən görüşdə hər iki tərəfi maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.