ARXANGELSK VİLAYƏTİNİN AZƏRBAYCAN DİASPORU BİRLƏŞİR
Konqresin təşkilat və regional iş şöbəsinin müdiri İlqar İbrahimov AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişdir ki, ÜAK-ın Arxangelsk regional şöbəsinin rəhbəri Cəmil Əliyevin apardığı müşavirədə təşkilat quruculuğu və vilayətdə yaşayan azərbaycanlıların sıx birləşməsi məsələləri müzakirə olunmuşdur. ÜAK-ın Arxangelsk şöbəsinin fəaliyyəti barədə məlumat dinlənilmiş, təşkilatın yaxın gələcək üçün planları nəzərdən keçirilmişdir. Qeyd edilmişdir ki, Arxangelskdəki 20 min nəfərlik Azərbaycan diasporunun bütün nümayəndələri diasporun fəaliyyətinə daha yaxından fəal qoşulmalı, vilayətin dövlət qurumları ilə işdə səylərini birləşdirməlidirlər. Bununla yanaşı, belə bir ümid də ifadə olunmuşdur ki, vilayət rəhbərliyi Azərbaycan diasporunun arzusunu yerinə yetirərək, “Azərbaycan mədəniyyət evi”nin tikintisi üçün bina, yaxud yer ayrılması məsələsini müsbət həll edəcəkdir. İ.İbrahimovun sözlərinə görə, natiqlər həm də regionun Azərbaycan dilində ədəbiyyat və çap məhsulları ilə təchiz olunmasının və Azərbaycan mədəniyyət xadimlərinin iştirakı ilə tədbirlərin keçirilməsində təşkilata kömək göstərilməsinin zəruriliyini vurğulamışlar.
İ.İbrahimov həm də demişdir ki, Arxangelskdə vilayət qanunverici məclisinin sədri V.Fortıginlə görüş keçirmişdir. Görüşdə o, Arxangelskdəki Azərbaycan diasporunun fəaliyyətindən razı qaldığını bildirmiş və demişdir ki, soydaşlarımıza bundan sonra da lazımi kömək göstərəcəkdir. Konqresin nümayəndələri isə, Azərbaycan diasporuna diqqət və qayğıya görə vilayət rəhbərliyinə və qanunverici məclisin sədrinə minnətdarlıqlarını bildirmişlər.
Rusiya regionlarında qastrol səfərində olan B.Səfəroğlu adına Moskva teatrı “Rusiyada qafqazlıların sərgüzəştləri” tamaşasını göstərmişdir.