REGİONLAR
Aşıq sənəti ixtisası üzrə tələbələrin konserti olub
Naxçıvan, 26 aprel, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin Konservatoriyasında Musiqi Kollecinin Xalq çalğı alətləri şöbəsinin təşkilatçılığı ilə Aşıq sənəti ixtisası üzrə tələbələrin konserti tədbir iştirakçılarında xoş ab-hava yaradıb.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, kollecin müəllimləri Həsən Həsənlinin və Sərdar Qurbanovun bədii rəhbərlik etdiyi konsertdə tələbələr aşıq havalarını ustalıqla ifa ediblər. Belə ki, “Osmanlı divanisi”, “Ayaq şəşəngi”, “Naxçıvani”, “Misri”, “Şirvan müxəmməsi”, “Baş sarıtel”, “Rühani”, “Səyyadı”, “Yanıq Kərəmi”, “Baş müxəmməs” ifaları alqışlarla qarşılanıb. Kollecin müəllimi Həsən Həsənlinin ifasındakı “Türkü” konsert iştirakçılarına xüsusi ovqat bəxş edib.
Konsertin sonunda çıxış edən universitetin rektoru Elbrus İsayev gənclərə aşıq sənətinə yiyələnərək onu yaşatmağı tövsiyə edib. Bildirib ki, UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilən bu qədim sənət növü muxtar respublikada yaşadılaraq gənc nəslə ötürülür. Naxçıvan Muxtar Respublikasında aşıq yaradıcılığına göstərilən diqqət və qayğıdan danışan rektor tədbiri yüksək qiymətləndirib, belə konsertlərin davamlı keçirilməsinin əhəmiyyətini vurğulayıb.