AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 10-da Avropa Şurası Parlament Assambleyasının sədri Rene van der Linden jurnalistlərlə ənənəvi mətbuat konfransı keçirmişdir. Azərbaycanlı jurnalistin “Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesində irəliləyişin olmasında AŞPA nə dərəcədə maraqlıdır?” sualına cavab verən sədr bildirmişdir ki, bu məsələ rəhbərlik etdiyi qurumun daim gündəliyindədir. O, hər iki ölkənin prezidentlərinin son görüşünün nəticəsiz başa çatmasından təəssüfləndiyini vurğulayaraq demişdir ki, bu məsələdə maraqlı olan beynəlxalq təşkilatlar həmin görüşə böyük ümidlər bəsləyirdilər. Bununla belə, AŞPA-nın sədri son nəticədə hər iki tərəfin problemin sülh yolu ilə həllinə nail olmasının vacibliyini, AŞPA-nın bu yolu dəstəklədiyini xüsusi vurğulamışdır. R.Lindenin fikrincə, münaqişə ilə bağlı vasitəçilik missiyasının hazırkı formatını dəyişmək məqsədəuyğun deyildir. AŞPA Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqların nəticə verəcəyinə böyük ümid bəsləyir.
Digər azərbaycanlı jurnalistin “AŞPA Azərbaycanda keçiriləcək təkrar parlament seçkilərindən nə gözləyir?” sualına cavab verən cənab R.Linden bu məsələnin AŞPA-nın xüsusi diqqət mərkəzində olduğunu bildirmişdir. O demişdir ki, Azərbaycan Avropa Şurasının üzvüdür və bu ölkədə aparılacaq təkrar seçkilər qurumu yaxından maraqlandırır.
Noyabr ayının 6-da keçirilmiş parlament seçkiləri ilə bağlı hesabatın artıq hazır olduğunu bəyan edən sədr təkrar seçkilərin nəticələrinin yay sessiyasının gündəliyinə salındığını bildirdi.
R.Linden təkrar seçkilərin beynəlxalq standartlara cavab verəcəyinə, demokratik və şəffaflıq şəraitində keçəcəyinə böyük ümid bəslədiyini söyləmişdir.