AŞPA-NIN YAZ SESSİYASINDA
Sonra, “Faşizm ideologiyasının baş qaldırmasına qarşı mübarizə” məsələsi ilə bağlı müzakirələr keçirilmişdir. Məruzədə və çıxışlarda bəzi ölkələrdə faşist ideologiyası təzahürlərinin meydana çıxmasının demokratiyaya təhlükə yaratması, gənclərin bu zəhərli ideologiyanın təsiri altına düşməsi, 65 il bundan əvvəl faşizmin törətdiyi cinayətlər barədə danışılmış, Avropa Şurasından bəşəriyyəti gələcək nasizm taunundan qorumaq üçün ciddi tədbirlər görmək tələb edilmişdir.
Müzakirələrdə Milli Məclisin deputatı Aydın Mirzəzadə də çıxış etmişdir. O demişdir:
- Müasir faşizm artıq sanballı səs toplayan təşkilatlanmış siyasi qurumdur. Onların şüarları da demokratiya libasına bürünə bilir. Ən təhlükəlisi odur ki, faşizm bir dövlətin digər dövlətin ərazisinə iddiada özünü büruzə verir.
Məhz bunu ölkəmiz öz üzərində tamamilə hiss etmişdir. Qonşu Ermənistanın silahlı qüvvələri Azərbaycanın ərazisində yaşayan erməni icmasının təhlükəsizliyini qorumaq adı altında torpaqlarımızın beşdə birini işğal etmişdir. Bir milyondan artıq insan digər millətə mənsub olduğuna görə silah gücünə öz ata-baba yurdlarından zorla çıxarılmışdır. Çoxlu sayda mədəniyyət və tarix abidələri, qədim və müasir qəbiristanlar xalqımıza məxsus olduğundan dağıdılmış, yerlə-yeksan edilmişdir.
Erməni işğalçıları hətta görkəmli Azərbaycan xadimlərinə qoyulmuş abidələrə belə rəhm etməmiş, onları canlı insanlar kimi güllələmişlər. Güllə yerləri aydın seçilən bu abidələr hazırda Bakıda Prezident sarayı yaxınlığında qoyulmuşdur. Mən həmkarlarımı Bakıda olarkən bu abidələrə baxmağa dəvət edirəm.
Bəzi erməni generallarını və yüksək vəzifəli məmurları üçüncü qüvvənin vasitəsilə pulla ələ almaq sayəsində bir çox qiymətli abidəni işğal edilmiş ərazilərdən çıxarmaq mümkün olmuşdur.
Son zamanlar qonşu Rusiyada milli zəmində baş verən toqquşmalar bizi çox narahat edir. Bir neçə gün bundan əvvəl Moskva metrosunda Rusiyada çalışan azərbaycanlı telejurnalist vəhşicəsinə döyülmüşdür. Rusiyanın tərkib hissəsi olan Kabarda-Balkar Respublikasının mədəniyyət nazirinə də ciddi bədən xəsarəti yetirilmişdir.
Danılmaz faktdır ki, Rusiya hökuməti bu ölkədəki milyonlarla qeyri-rusların təhlükəsiz şəraitdə yaşamaları üçün çox iş görür. İstərdik ki, bu istiqamətdə işlər daha da gücləndirilsin.
Ötən əsrin 30-cu illərində çex jurnalisti Yuli Fuçik bəşəriyyətə müraciətlə “İnsanlar! Faşizmdən ehtiyatlı olun!” demişdir. Bu sözlər bu gün də öz aktuallığını itirməmişdir.
AŞPA-nın yaz sessiyası davam edir.