Aşqarlar Kimyası İnstitutunun alimlərinə infeksion xəstəliklərdən qorunma yolları haqqında məlumat verilib
Bakı, 5 fevral, AZƏRTAC
Fevralın 5-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Aşqarlar Kimyası İnstitutunda müəssisənin Azad Həmkarlar Komitəsinin təşkilatçılığı ilə “İnfeksion xəstəliklərdən qorunma yolları” mövzusunda maarifləndirici tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, komitənin sədri, dosent Elxan İsakov ölkə başçısının tapşırığına əsasən son zamanlar geniş yayılan, xüsusən 23 ölkədə mövcudluğu rəsmi olaraq təsdiq edilən koronavirus və onunla mübarizə metodları haqqında əhali arasında maarifləndirmə işlərinə başlanıldığını, profilaktik tədbirlərin gücləndirildiyini akademiya institutlarının da bu prosesdən kənarda qalmadığını qeyd edib.
O bildirib ki, bu sahədə xüsusi təcrübəyə malik sanitar epidemioloji stansiyalar, onların ayrı-ayrı sahələr üzrə təyin olunmuş mütəxəssis həkimləri və digər aidiyyəti orqanların cəlb edilməsi yolu ilə akademiyanın elmi müəssisə və təşkilatlarında maarifləndirici tədbirlərin həyata keçirilməsinə start verilib.
Sonra Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin epidemioloqları Rəna Yusifli və Donara Quliyeva koronavirus və ondan qorunma yolları haqqında geniş məlumat veriblər. Onlar diqqətə çatdırıblar ki, koronavirusa zəif immunitet sistemi olan insanlar daha tez yoluxurlar. Baş ağrısı, hərarət, öskürmək, asqırmaq, iştahasızlıq, mədə-bağırsaq sisteminin pozulmasının xəstəliyin ilk simptomlarından olduğunu deyən epidemioloq həkimlər belə hallarda dərhal həkimə müraciət edilməsinin vacibliyini bildiriblər.
Epidemioloq virusun 70 dərəcədə, eləcə də dezinfeksiya zamanı məhv olduğunu deyib, xəstəliyə yoluxmamaq üçün profilaktik tədbirlərin (xəstə insanlarla təmas zamanı və digər hallarda əlləri yumaq, spirtlə təmizləmək, ət məhsullarını tam bişirmək, immuniteti gücləndirmək) mütəmadi aparılmasının önəmini qeyd ediblər.