ELM VƏ TƏHSİL
Astana Dövlət Qulluğu üzrə Regional Xabın üzv ölkələrinin nümayəndələrinin iştirakı ilə videokonfrans keçirilib
Bakı, 7 may, AZƏRTAC
Astana Dövlət Qulluğu üzrə Regional Xabın üzv ölkələrinin nümayəndələrinin iştirakı ilə videokonfrans keçirilib
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Qeyd edilib ki, Astana Dövlət Qulluğu üzrə Regional Xab müvafiq sahədə yenilikləri müzakirə etmək və qabaqcıl təcrübəni bölüşmək üçün dünyanın 40 ölkəsinin aidiyyəti qurumlarını birləşdirən vahid platformadır.
Videokonfransın mövzusu “Koronavirus (COVID-19) pandemiyası dövründə dövlət qulluqçularının fəaliyyətinin distant formada təşkili” olub. Konfransda beynəlxalq təşkilatlardan və Xaba üzv ölkələrin dövlət qulluğu ilə bağlı qurumlarından ekspert və nümayəndələr iştirak ediblər. İştirakçı ölkələrin nümayəndələri pandemiya dövründə dövlət orqanları və qulluqçularının fəaliyyətinin təşkili ilə bağlı təcrübələrini bölüşüb, qarşılaşdıqları çətinliklər haqqında geniş məlumat veriblər.
Tədbirdə çıxış edən Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov COVID-19 pandemiyası dövründə Azərbaycanda həyata keçirilən tədbirlərlə əlaqədar iclas iştirakçılarına məlumat verib. O bildirib ki, infeksiyanın yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejimi tətbiq olunub və dövlət orqanlarının, digər qurumların fəaliyyətinin tənzimlənməsi barədə müxtəlif qərarlar qəbul edilib.
Vətəndaşların hərəkətinin elektron icazə və “sms” xidməti vasitəsilə tənzimlənməsi məsələsi xüsusi maraq doğurub və Regional Xabın rəhbər komitəsinin sədri Alixan Baymenov da icazələrin alınması üçün “sms” xidmətinin Qazaxıstanın Türkistan vilayətində tətbiqi zamanı Azərbaycan təcrübəsindən yararlandıqlarını vurğulayıb.
Daha sonra Dövlət İmtahan Mərkəzinin fəaliyyəti haqqında danışan Bəhram Xəlilov qeyd edib ki, yaranmış vəziyyət nəzərə alınaraq Mərkəz tərəfindən dövlət qulluğuna bütün qəbul imtahanlarının oflayn qaydada kompüterlər vasitəsilə keçirilməsi, qulluğa qəbul üçün müsahiblərin isə xüsusi proqram təminatından istifadə edilməklə onlayn qaydada təşkili nəzərdə tutulur. B.Xəlilov hazırkı dövrdə insanlarda psixoloji gərginliyin aradan qaldırılması istiqamətində maarifləndirmə işi həyata keçirən Dövlət İmtahan Mərkəzinin “Fərdi inkişafa dəstək” layihəsi haqqında da məlumat verib və layihə çərçivəsində hazırlanan COVID-19 infeksiyası barədə videoçarxın rus və ingilis dillərində versiyalarını iştirakçılara təqdim edib. Videoçarx Xab və ona üzv ölkələrin müvafiq qurumlarının saytlarında yerləşdiriləcək.
İclasın sonunda səsləndirilən fikirlərlə əlaqədar yekun nəticələr və Regional Xab çərçivəsində faydalı əməkdaşlığın perspektivləri müzakirə olunub.