Astaralılar Xocalı faciəsi haqqında həqiqətlərin dünyaya çatdırılması istiqamətdə atılan addımları yüksək dəyərləndirirlər
Astara, 26 fevral (AZƏRTAC). Fevralın 26-da Astara şəhərində Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayonun rəhbər işçiləri, idarə, müəssisə və təşkilatların təmsilçiləri, müharibə veteranları, yaşlı nəslin, gənclərin və ictimaiyyətin nümayəndələri “Şəhidlər” abidə-kompleksinin, burada uyuyan qəhrəmanların məzarları önünə gül dəstələri düzərək Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtiramla yad etmişlər. Şəhidlərin ruhuna dualar oxunmuşdur.
Mərasim rayon mədəniyyət evində davam etdirilmişdir. Tədbir iştirakçıları Xocalı soyqırımına həsr olunmuş sərgiyə və sənədli filmə baxmışlar.
Rayon icra hakimiyyətinin məsul işçisi Mərasim Hacızadə Xocalı faciəsi barədə məlumat verərək bildirmişdir ki, iyirminci əsrin ən dəhşətli cinayətlərindən biri olan Xocalı soyqırımı Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuşdur. 22 il əvvəl, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni cəlladları öz havadarlarının yardımı ilə Xocalının dinc sakinlərinə amansız divan tutaraq 613 nəfəri qətlə yetirmiş, 1275 nəfəri əsir və girov götürmüşdülər. 150 nəfərin taleyindən bu günədək heç bir xəbər yoxdur.
Mərasimdə Xocalı faciəsinə hüquqi və siyasi qiymət verilməsi istiqamətində ümummilli lider Heydər Əliyevin xidmətləri minnətdarlıq hissi ilə xatırlanmışdır. Qeyd olunmuşdur ki, 1994-cü il fevralın 24-də Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul edilərək dünya parlamentlərinə, beynəlxalq təşkilatlara göndərilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra dünya dövlətlərinin parlamentləri Xocalı faciəsini soyqırımı kimi tanımışdır.
Çıxış edənlər Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində Heydər Əliyev Fondu tərəfindən atılan addımları da yüksək dəyərləndirmişlər. Bildirilmişdir ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq təbliğat kampaniyası real nəticələr verməkdədir.
Çıxışlarda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində aparılan işlərin getdikcə daha geniş miqyas aldığı, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu sayəsində işğal altındakı torpaqlarının azad ediləcəyi günün uzaqda olmadığı vurğulanmışdır.