ATƏT DTİHB-nin seçki müşahidə missiyasının nümayəndələri Ombudsman Aparatında olublar
Bakı, 5 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) 9 fevral parlament seçkiləri ilə bağlı seçki müşahidə missiyasının hüquq və media analitikləri Enira Bronitskaya və Kira Kalinina ilə görüşüb.
Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, müvəkkil respublikamızda insan hüquqlarının müdafiəsi sahəsində geniş islahatların həyata keçirildiyini diqqətə çatdırıb, seçki hüquqlarının prioritet məsələ olduğunu vurğulayıb. O, fevralın 9-da keçiriləcək parlament seçkilərinin əhəmiyyətindən bəhs edib. Ombudsman Seçki Məcəlləsinin zəruri əlavə və dəyişikliklər edilməklə daha da təkmilləşdirildiyini, seçki məntəqələrinin müasir avadanlıqla, informasiya texnologiyaları ilə təmin edildiyini, veb-kameraların quraşdırıldığını, əhali arasında seçki hüquqları sahəsində müntəzəm maarifləndirmə işinin aparıldığını deyib. Ombudsman təsisatının insan hüquqları, o cümlədən vətəndaşların seçki hüququnun müdafiəsi və təmini sahəsində davamlı fəaliyyət göstərdiyi, Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlıq əlaqələri qurulduğu, seçki hüququ ilə bağlı birgə maarifləndirmə tədbirlərinin, treninq-seminarların keçirildiyi vurğulanıb.
Ombudsman Aparatının və regional mərkəzlərinin əməkdaşlarının ölkəmizdə keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərini mütəmadi olaraq, habelə 2009-cu və 2016-cı illərdə keçirilmiş referendumları Bakıda və rayonlarda, o cümlədən qaçqınların və məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə, bir sıra hərbi hissələrdə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında müstəqil müşahidəçi qismində izlədiyi, bu istiqamətdə kifayət qədər təcrübə qazanıldığı diqqətə çatdırılıb. 2019-cu ilin dekabr ayında keçirilmiş bələdiyyə seçkilərində müşahidə aparılması haqqında da ətraflı məlumat verilib. Müvəkkilin və Aparatın əməkdaşlarının, o cümlədən ombudsmanın regional mərkəzlərinin nümayəndələrinin qarşıdakı parlament seçkilərini də öz təşəbbüsləri ilə müşahidəçi qismində izləyəcəkləri nəzərə çatdırılıb.
Qonaqlar təmsil etdikləri seçki müşahidə missiyasının məqsədi və fəaliyyəti barədə məlumat veriblər. Sonra ATƏT DTİHB-nin sualları cavablandırılıb.
Müvəkkil insan hüquq və azadlıqlarının, o cümlədən seçki hüquqlarının həyata keçirilməsinin ölkəmizdə prioritet məsələlərdən olduğunu söyləyib, bu istiqamətdə görülən işləri sadalayıb. Ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 3.10-cu maddəsində seçki komissiyaları üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların davam etdirilməsinin nəzərdə tutulduğu bildirilib. Eyni zamanda, Ombudsmanın fəaliyyətində əhalinin müxtəlif qruplarının, o cümlədən qadın hüquqlarının müdafiəsi və təmininin, gender bərabərliyinin mühüm yer tutduğu, qadınların idarəetmədə və qərar qəbuletmədə fəal iştirakının təmin edilməsi məqsədilə hüquqi maarifləndirmə işi aparıldığı qeyd olunub.
Səbinə Əliyeva qarşıdakı seçkilərdə əhalinin fəal iştirak edəcəyinə, bu seçkilərin də demokratik, ədalətli, şəffaf, beynəlxalq standartlara uyğun keçiriləcəyinə əminliyini bildirib.