Atmosferi çirkləndirən avtomobillərin sürücüləri barəsində protokol tərtib olunub
Qax, 17 may, Mustafa Dadaşov, AZƏRTAC
Nəqliyyatdan atılan zərərli qazlarla atmosferin çirkləndirilməsinin qarşısının alınması məqsədilə Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən Qax şəhərində hərəkətin intensiv olduğu küçə və prospektlərdə nəzarət-profilaktiki tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, keçirilən tədbir zamanı avtomobillər saxlanılaraq, xüsusi cihazlar vasitəsilə onlarda zərərli qazların miqdarı yoxlanılıb. Bəzi avtomobillərin normadan artıq tullantı ixrac etdiyi müəyyən olunub. Həmin avtomobil sahibləri ilə izahedici söhbətlər aparılıb və qazların ixracının normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra nəqliyyat vasitələrindən istifadə etməli olduqları onların diqqətinə çatdırılıb. Standartlara cavab verməyən avtomobillərin sürücüləri barəsində inzibati qaydada tədbir görülüb.