Autizmli gənclərin əmək bazarına çıxışına dəstək sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
Bakı, 12 fevral, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Azərbaycan Autizm Assosiasiyasının nümayəndələri arasında görüş olub.
Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli qurumun fəaliyyəti, aktiv məşğulluq proqramları barədə məlumat verib.
Agentliyin Strateji kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, həmin proqramların icrasında sosial cəhətdən həssas qruplara aid şəxslərə üstünlük verildiyi vurğulanıb.
Autizm Assosiasiyasının nümayəndəsi tərəfindən autizmli gənclərlə bağlı aparılan işlərə dair təqdimat edilib, assosiasiyanın fəaliyyəti ilə bağlı məlumat verilib.
Autizmli gənclərin əmək bazarına çıxışı, onların məşğulluq xidmətlərinə cəlbi istiqamətində agentliklə assosiasiya arasında əməkdaşlıq imkanları müzakirə olunub.