AVROPA İTTİFAQI YENİ QONŞULUQ SİYASƏTİNDƏ AZƏRBAYCANA XÜSUSİ YER AYIRMALIDIR
AZƏRTAC xəbər verir ki, aprelin 30-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Parlamentinin rumıniyalı üzvü Adrian Severinlə görüşmüşdür.
XİN-in mətbuat xidmətindən bildirmişlər ki, Adrian Severin Avropa İttifaqının Yeni Qonşuluq Siyasətində Azərbaycana xüsusi yer ayırmasının, təşkilat ilə ölkəmiz arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasının zəruriliyini vurğulamışdır. Qonaq bunun üçün lazımi potensialın olduğunu, Azərbaycanın yalnız neft-qaz istehsalçısı kimi deyil, geosiyasi mövqeyi, dinamik iqtisadi inkişafı, Avropa İttifaqı-Orta Asiya əməkdaşlığına verə biləcəyi töhfəyə görə Aİ üçün əhəmiyyətinin, Avropa Parlamentində Azərbaycanın bu rolunun, ölkədə baş verən müsbət dəyişikliklərin xüsusi vurğulanmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.
Nazir E.Məmmədyarov bu fikirlə razılaşaraq, Azərbaycanın Aİ-nin Yeni Qonşuluq Siyasəti üzrə Fəaliyyət Planının yerinə yetirilməsinə dair artıq ilk hesabatının hazırlandığını, Avropaya inteqrasiya prosesinin ölkədə bir sıra sahələrdə müsbət irəliləyişlərə səbəb olduğunu diqqətə çatdırmış, Avropa Parlamentində GUAM dostluq qrupunun yaradılması imkanlarının araşdırılmasını da zəruri saymışdır.
Daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair fikir mübadiləsi aparan tərəflər, Azərbaycan torpaqlarının işğalını pisləmiş, Ermənistanın apardığı etnik təmizləmə siyasətinin öz müqəddəratını təyinetmə prinsipi ilə pərdələnməsinin yolverilməz olduğunu qeyd etmişlər. Rumıniyalı nümayəndə həmçinin öz müqəddəratını təyinetmənin milli azlıqlara deyil, xalqlara aid olduğunu və ermənilərin artıq Ermənistanın tərkibində özünü təyin etdiklərini vurğulamışdır.
Görüşdə Avropa Parlamenti üzvlərinin Azərbaycan barədə məlumatlılığının artırılması, parlamentarilərin ölkəmizə səfərlərinin təşkilinin, lobbiçilik fəaliyyətinin zəruriliyi də qeyd olunmuşdur.