DÜNYA
Avropa ölkələri Ukrayna üzrə danışıqlarda iştirak etmək istəyir

Bakı, 13 fevral, AZƏRTAC
“Veymar üçbucağı - plyus” formatında Xarici İşlər nazirliklərinin (Fransa, Polşa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya, Ukrayna və Avropa Komissiyası) rəhbərlərinin birgə bəyanatına əsasən, Avropa ölkələri Ukraynadakı münaqişənin həlli üçün istənilən mümkün danışıqlarda iştirak etməlidir.
Fransa Xarici İşlər Nazirliyinin saytında dərc olunan sənəddə deyilir: “Biz amerikalı müttəfiqlərimiz ilə Ukraynadakı münaqişənin həlli üzrə növbəti addımları müzakirə etməyi səbirsizliklə gözləyirik. Bizim ümumi məqsədimiz Ukraynanın mövqeyini gücləndirmək olmalıdır. Ukrayna və Avropa istənilən danışıqlarda iştirak etməlidir”.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Xarici İşlər nazirliklərinin rəhbərləri “Ukraynada ədalətli və davamlı sülhün davamlı Transatlantik təhlükəsizliyin zəruri şərti olduğunu” vurğulayıblar.
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp fevralın 12-də baş tutan telefon danışığında digər məsələlərlə yanaşı, Ukraynada nizamlanma perspektivlərini müzakirə ediblər. Kremlin məlumatına görə, Tramp hərbi əməliyyatlara tezliklə son qoyulması və problemin sülh yolu ilə həllinin tərəfdarı olub. Putin, öz növbəsində, münaqişənin əsas səbəblərini aradan qaldırmağın vacibliyini qeyd edib və Trampla razılaşıb ki, sülh danışıqları yolu ilə uzunmüddətli nizamlanma əldə oluna bilər. Bu barədə Rusiya liderinin mətbuat xidməti məlumat verib. ABŞ administrasiyasının rəhbəri “Truth Social” şəbəkəsində yazıb ki, Moskva və Vaşinqton Ukraynadakı münaqişənin həlli üçün dərhal danışıqlara başlayacaq.
Fevralın 12-də Belçikanın paytaxtında Kiyevə silah tədarükünü əlaqələndirən Qərb Təmas Qrupunun son iclasında çıxış edən Pentaqon rəhbəri Pit Heqset Ukraynanın 2014-cü ildə mövcud olmuş sərhədlərinə qayıtmağın “qeyri-real bir məsələ” olduğunu vurğulayıb. O, həmçinin Ukraynanın NATO-ya daxil olma ehtimalını da istisna edib. Heqset Avropaya xəbərdarlıq edib ki, Tramp administrasiyasının fikrincə, Aİ öz təhlükəsizliyinə cavabdeh olmalıdır. Tramp daha sonra Heqsetin Ukraynanın 2014-cü il sərhədlərinə qayıtmasının mümkünsüzlüyü barədə sözlərini misal çəkib.