Avropa Parlamentinin deputatı Futbol üzrə Dünya Çempionatının boykot edilməsinin əleyhinədir
Berlin, 7 may, AZƏRTAC
Avropa Parlamentinin Almaniyadan olan deputatı Knut Flekenştayn Sosialistlərin və Demokratların Mütərəqqi Alyansı fraksiyasını təmsil edir.
AZƏRTAC xəbər verir ki, Flekenştayn “Alman dalğası” agentliyinə verdiyi müsahibədə Futbol üzrə Dünya Çempionatının boykot edilməsinin əleyhinə olduğunu bildirib. O deyib: “Bu gün Futbol üzrə Dünya Çempionatı həddən artıq kommersiyalaşdırılmış tədbirə çevrilib. Mən Rusiyada keçiriləcək bu idman hadisəsinin boykot edilməsi barədə fikirləşməyi belə düzgün hesab etmirəm. İdmandan siyasi dəyənək kimi istifadə edilməməlidir”.
Məsul şəxslər xarici siyasət səviyyəsində dialoq qurmaqda get-gedə çətinlik çəkir. İndi yüz minlərlə idmançının və azarkeşin görüşməsi məsələsini də sual altına almaq olmaz!
Siyasətçi qeyd edib ki, idmançılar və onların fanatları ilə yanaşı, hökumətlərin və parlamentlərin nümayəndələri də Rusiyaya gəlmələrindən kuluarlarda danışıqlar aparmaq üçün istifadə etməlidirlər. Bu il Cənubi Koreyada keçirilmiş Qış Olimpiya Oyunları bu cür idman hadisələrindən necə istifadə etmək mümkün olduğunu göstərdi.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin