SİYASƏT
Avropa Parlamentinin üzvü İvo Vayql: Ermənistan Azərbaycan ərazilərini işğal etməklə beynəlxalq hüquq normalarını kobudcasına pozmuşdur
Bakı, 30 oktyabr (AZƏRTAC). Ermənistan Azərbaycan ərazilərini işğal etməklə beynəlxalq hüquq normalarını kobudcasına pozmuşdur.
Bu sözləri Avropa Parlamentinin Sloveniyadan olan üzvü İvo Vayql Avropa Azərbaycan Cəmiyyətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sorğusuna cavabında demişdir.
Ermənistanın işğalçılıq siyasətinin regional sabitliyə təhdid olduğunu söyləyən İ.Vayql rəsmi Yerevanın öz qoşunlarını Dağlıq Qarabağdan və digər işğal etdiyi Azərbaycan ərazilərindən çıxarmasının vacibliyini vurğulamışdır.
Avropa Parlamentinin deputatı qeyd etmişdir ki, beynəlxalq ictimaiyyət tərəfindən tanınmış hüdudlar çərçivəsində ölkələrin ərazi bütövlüyü prinsipi dünyada sülh və sabitliyin təmin olunması üçün vacibdir. Əgər Avropa İttifaqının “Şərq tərəfdaşlığı”na üzv dövlətlərdən biri həmin prinsipə əməl etmirsə, bu, bütün ölkələr üçün problem deməkdir. Odur ki, bu məsələ tezliklə həllini tapmalıdır. Azərbaycanın işğal olunmuş torpaqlarından zorla çıxarılmış hər bir məcburi köçkün öz doğma yurduna qayıtmalıdır.
Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın təkcə Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmini ilə məhdudlaşmadığını deyən İ.Vayql ölkəmizin regiondakı sabitliyin əsas qarantı olduğunu bildirmişdir. O, həmçinin qeyd etmişdir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün ölkələrin əməkdaşlığı vacibdir və buna görə də beynəlxalq birlik bu istiqamətdə daha ciddi səy göstərməlidir.