“Avstriya Hava Yolları” 767 milyon avroluq dövlət yardımına müraciət edib
Vyana, 29 aprel, AZƏRTAC
Koronavirus pandemiyası nəticəsində böhran yaşayan “Avstriya Hava Yolları” (AUA) aviaşirkəti yardım üçün rəsmi şəkildə hökumətə müraciət edib.
AZƏRTAC xəbər verir ki, “Lufthansa” konserninin tərkibində olan aviaşirkətin mətbuat katibi Peter Tier bu məlumatı təsdiqləyib. O bildirib ki, 767 milyon avro məbləğində yardım paketinin bir hissəsi geri ödəniləcək kredit, digər hissəsi isə birdəfəlik və ya geri ödənilməyəcək subsidiya üçün nəzərdə tutulub. Şirkət təmsilçisi hər iki istiqamət üzrə rəqəmlərə aydınlıq gətirməyib.
Konsernin müraciətinə COVID-19 Maliyyələşdirmə Agentliyi (COFAG) tərəfindən baxılacaq. Koronavirus pandemiyası ilə əlaqədar dövlət tərəfindən təsis edilmiş agentliyin sərəncamında biznes strukturlarına yardım üçün 15 milyard avro vəsait var. Hökumət dairələrindən AUA-nın müraciəti ilə bağlı mətbuata verilən açıqlamalarda yardımla bağlı danışıqların birbaşa “Lufthansa” ilə aparılacağı ifadə olunub. Avstriya hökuməti aviaşirkətə yardımı bir sıra şərtlər (iş yerlərinin saxlanması, Avstriya mərkəzli aviaşirkət olaraq qalma zəmanəti və sair) əsasında həyata keçirmək niyyətindədir.
“Lufthansa” konserninin rəhbəri Karsten Şpor Almaniyanın “Zeit” qəzetinə verdiyi müsahibədə dövlətin aviaşirkətin əməliyyat fəaliyyətinə müdaxiləsinə qarşı çıxıb. O, belə olacağı təqdirdə, nəinki AUA üçün, ümumilikdə bütün konsern üçün iflas ssenarilərini nəzərdən keçirməli olacaqlarını bildirib. K.Şporun sözlərinə görə, bu gün Avstriya hökumətinin tələb etdiklərini sabah İsveçrə, Belçika, Bavariya və ya Hessen tələb edə bilərlər.
Bu gün Vyanada K.Şpor və Avstriyanın Federal Kansleri Sebastian Kurts arasında görüş gözlənilir. Həmin görüş AUA ilə yanaşı, bütünlükdə “Lufthansa” konserninin gələcəyi ilə bağlı mühüm əhəmiyyət kəsb edə bilər.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana