Avstriya hökuməti Çinlə iqtisadi əlaqələrini genişləndirməyə çalışır
Vyana, 6 aprel, AZƏRTAC
Avstriya hökuməti Çinlə iqtisadi əlaqələrini genişləndirmək fikrindədir və bu məqsədlə aprelin 7-də ölkə tarixində ən geniştərkibli nümayəndə heyəti Çinə yola düşəcək.
AZƏRTAC xəbər verir ki, Avstriyanın dövlət başçısı Aleksander Van der Bellenin rəhbərlik etdiyi 250 nəfərlik nümayəndə heyətinin tərkibinə rəsmi dövlət qurumları ilə yanaşı, 170 şirkətin təmsilçiləri, eləcə də elm və incəsənət xadimləri daxildir. Bir həftə davam edəcək səfər çərçivəsində nümayəndə heyəti rəsmi görüşlərdən sonra Heynan adasında Boao Asiya Forumunda iştirak edəcək, Çenqdu regionunda Avstriyanın baş konsulluğunun açılışına qatılacaq.
Səfərin əsas hədəfləri sırasında Avstriya və Çin şirkətləri arasında iqtisadi əlaqələri gücləndirmək dayanır. Bu məqsədlə hər iki ölkənin şirkətləri arasında ümumi dəyəri 1,5 milyard avroya çatan 30-dək müqavilənin bağlanacağı gözlənilir. Şəhərsalma, ətraf mühitin qorunması, qış idmanı sahələrində Avstriya şirkətlərinin bilik və təcrübəsi Çin tərəfinin maraq dairəsindədir. Eyni zamanda, Avstriya şirkətləri 2022-ci ildə Pekində keçiriləcək Qış Olimpiya Oyunlarına hazırlıqla bağlı sifarişlər almağa ümid edirlər.
Hazırda 900-dən artıq Avstriya şirkəti Çin bazarında təmsil olunur. Avstriya hökuməti dünyanın ən sürətlə inkişaf edən Şərq ölkəsi ilə iqtisadi əlaqələri dərinləşdirməyə can atır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana