Avstriya hökuməti dövlət sərhədində giriş-çıxış məhdudiyyətini mayın sonunadək uzadıb
Vyana, 1 may, AZƏRTAC
Koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə Avstriya hökuməti dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyətin müddətini mayın sonunadək uzadıb.
AZƏRTAC xəbər verir ki, Federal Səhiyyə naziri Rudolf Anşober bununla bağlı xüsusi sərəncam imzalayıb.
Sərəncamda yükdaşımaları və çarter reysləri istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət mayın 31-dək uzadılıb. Sərəncamda qeyd edilib ki, qonşu dövlətlərdən Avstriyaya daxil olmaq istəyən şəxslər verilmə tarixi dörd gündən artıq olmayan koronavirus testi (PCR-test) təqdim etməlidirlər. Bundan başqa, Avstriya vətəndaşları, həmçinin ölkədə müvəqqəti və ya daimi yaşayış hüququna malik qeyri-vətəndaşlar ölkəyə istənilən vaxt daxil ola bilərlər. Lakin onlar 14 günlük ev şəraitində karantin öhdəliyi ilə bağlı sənədi imzalamalıdırlar.
Sərəncamda bir sıra peşələrin sahibləri üçün yumşaldılmalar da nəzərdə tutulub. Belə ki, xüsusi qayğıya ehtiyacı olan şəxslərə 24 saat qulluq göstərən tibbi heyət və mövsümi işlərdə çalışan şəxslər xüsusi qatar və avtobus reysləri ilə Avstriyaya daxil ola bilərlər. Bu zaman həmin reyslərə ara dayanacaqlarda dayanmaq və əlavə sərnişin götürmək qadağan olunur. Bu qrupa aid şəxslər ölkəyə daxil olarkən müvafiq testə dair arayış təqdim etməlidirlər.
Hava nəqliyyatı vasitəsilə ilə ölkəyə giriş icazəsi isə Avstriya və Aİ dövlətlərinin, eləcə də İsveçrə vətəndaşlarına, həmçinin bu ölkədə daimi yaşayış icazəsinə malik və onların vizası olan ailə üzvlərinə verilir. Çin, İran, İtaliya, İsveçrə, Fransa, İspaniya, Böyük Britaniya, Niderland Krallığı, Rusiya və Ukrayna ilə bütün uçuşlara tətbiq olunan qadağa isə mayın 22-dək qüvvədədir. Nazirlikdən həmin qadağa ilə bağlı açıqlama verilməyib.
Yuxarıda sadalanan şərtlər xaricində üçüncü dövlətlərin vətəndaşlarının hava yolu ilə Avstriyaya girişə bu ayın sonunadək icazə verilməyəcək.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana