DÜNYA
Avstriyada sağçı-radikalların keçmiş lideri siyasətə qayıtmağa hazırlaşır
Vyana, 30 aprel, AZƏRTAC
Avstriyanın sağçı-radikal Avstriya Azadlıq Partiyasının (FPÖ) keçmiş rəhbəri, sabiq vitse-kansler Haynts-Xristian Ştraxe yenidən böyük siyasətə geri qayıtmağa hazırlaşır.
AZƏRTAC xəbər verir ki, təxminən bir il öncə “İbiza” qalmaqalına görə bütün siyasi vəzifələrindən istefa verən H.Ştraxe bu ilin payızında Vyanada bələdiyyə seçkilərinə qatılacaq. Onun namizədliyini Avstriya naminə Alyans (DAÖ) irəli sürüb.
“İbiza” qalmaqalından sonra siyasi səhnədən çəkilən H.Ştraxenin yaxın gələcəkdə yenidən siyasətlə məşğul olacağını çoxları ehtimal etmirdi. Lakin siyasətçi aprelin 30-da verdiyi bəyanatda paytaxtdakı bələdiyyə seçkilərinə qatılacağını və məqsədinin Vyana meri seçilmək olduğunu elan edib.
Onun namizədliyini irəli sürən alyansın Vyanada keçirilən sorğularda respondentlərin cəmi beş faizinin rəğbətini qazanmasına fikir bildirən siyasətçi bu kimi sorğulardan narahat olmadığını bildirib. Öz siyasi karyerasının əvvəlində də ağır sınaqlardan keçdiyini bildirən H.Ştraxe seçki günü seçicilərin rəyinin onun üçün ən önəmli sorğu nəticəsi olduğunu qeyd edərək qarşıdakı seçkilərdəki nəticələrin onun haqqında olan yalanları ifşa edəcəyini ifadə edib.
Siyasətçi, həmçinin bildirib ki, mayın 15-də seçkilərlə bağlı öz komandasını və rəhbərlik edəcəyi vətəndaş hərəkatını təqdim edəcək.
Qeyd edək ki, sağçı-radikal FPÖ-nün tarixində ən uğurlu nəticələrə imza atan H.Ştraxe ötən ilin mayında 2017-ci ildə gizli kameralarla çəkilmiş “İbiza” qalmaqalına görə istefa verməyə məcbur olmuşdu. Qalmaqaldan sonra öz nüfuzunu qorumağa çalışan partiya funksionerləri H.Ştraxeni partiya sıralarından xaric etmişdilər. Ötən ilin dekabrında partiya sıralarından ayrılan üç siyasətçi Avstriya naminə Alyans adlı partiya yaradaraq H.Ştraxenin siyasi səhnəyə dönüşü üçün fəaliyyətə keçmişdilər.
Oktyabrda keçiriləcək Vyana bələdiyyə seçkiləri əhali arasında H.Ştraxeyə rəğbətin hansı səviyyədə olduğunu göstərəcək barometr olacaq.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana