İQTİSADİYYAT
Avtomobil qəzasında yol təsərrüfatına 13 min manata yaxın ziyan dəyib VİDEO
Bakı, 18 noyabr, AZƏRTAC
Noyabrın 18-də səhər saatlarında Bakı dairəvi-1 avtomobil yolunun 12-ci kilometrliyində baş vermiş avtomobil qəzası zamanı yol təsərrüfatına ciddi ziyan dəyib.
Bu barədə AZƏRTAC-a “Azəryolservis” ASC-nin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Bakı dairəvi-1 avtomobil yolunun Lökbatan dairəsi istiqamətindən hərəkətdə olan “Şaqman” markalı 90 VU 596 dövlət nömrə nişanlı sement daşıyan yük maşını yol ayrıcında olan əyrixətli dəmir tirləri və işıq dirəyini dağıdıb.
Ağır tonnajlı yük maşınını idarə edən sürücü Rəşad İsmayılovun sözlərinə görə, maşını idarə edərkən sükan arxasında yuxulayıb. Bu zaman isə qəza baş verib. Qəza zamanı təqribən 100 paqonmetr əyrixətli dəmir tirlər və 1 işıq dirəyi sıradan çıxıb.
Yol təsərrüfatına ilkin hesablamalara görə 13 min manata yaxın ziyan dəyib. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin əməkdaşları tərəfindən dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyəti qurumlara göndərilib.