“Azəraqrartikinti” ASC Türkiyəyə 225 min türk lirəsi ianə edib
Bakı, 14 fevral, AZƏRTAC
Zəlzələ bölgəsində axtarış-xilasetmə əməliyyatlarına, xəsarət alan insanların öz sağlamlıqlarına qovuşması üçün görülən təxirəsalınmaz işlərə dəstək verilməsi üçün “Azəraqrartikinti” ASC tərəfindən Türkiyənin Daxili İşlər Nazirliyinin Afet ve Acil Durum Yönetimi Başkanlığı - AFAD-a 225 min türk lirəsi (20 min 300 AZN) ianə edilib.
ASC-dən AZƏRTAC-a bildirilib ki, “Azəraqrartikinti” ASC hər bir azərbaycanlını bu ağır günlərdə Türkiyənin yanında olmağa səsləyib.
Qeyd edək ki, birlik və həmrəylik nümayiş etdirmək, çətin günlərdə qardaş harayına yetişmək və yardımsevərlik Azərbaycan xalqına xas olan yüksək mənəvi keyfiyyətlərdən biridir. Qardaş Türkiyədə baş vermiş və hər bir azərbaycanlını sarsıtmış dəhşətli zəlzələnin ilk saatlarından Türkiyə xalqına göstərilən dəstək xalqlarımız arasında qardaşlıq, dostluq münasibətlərinin, qarşılıqlı hörmətin möhkəm və əbədi olmasının növbəti əyani sübutudur. Mərhəmət və humanizm prinsipləri, yardımsevərlik hər zaman Türkiyə-Azərbaycan münasibətlərinin ayrılmaz hissəsi olub.