İQTİSADİYYAT
“Azerbaijan Fibro Cement” zavodu 2016-cı ildə fəaliyyətə başlayacaq
![“Azerbaijan Fibro Cement” zavodu 2016-cı ildə fəaliyyətə başlayacaq](/files/2014/3/1200x630/14194055171840235116_1200x630.jpg)
Bakı, 24 dekabr, AZƏRTAC
Tikinti materialları sənayesində yeni dövr açan “Azerbaijan Fibro Cement” (AFC) zavodunun 2016-cı ildə fəaliyyətə başlaması gözlənilir. “Sıfır tullantılı” texnologiyaya əsaslanan və yüksək ekoloji standartlara cavab verən bu zavodun inşası “Synergy Group”-un ən iri layihəsidir.
“Synergy Group”dan AZƏRTAC-a verilən məlumata görə, qrupun idarə heyətinin sədri Kamran Abbasov “Synergy Group”un mütəxəssislərinin hazırda Azərbaycanın sənaye sektorunun perspektiv layihələr baxımından təhlilini həyata keçirdiklərini deyib. Bildirilib ki, Qrupun strateji prioriteti olan sənaye sektorunun böyük biznes potensialı vardır. Bir çox seqmentlər yatırımlar baxımından olduqca cəlbedicidir. Növbəti illərdə “Synergy Group” sənaye portfelinin genişləndirməkdə maraqlıdır.
Məlumat verilib ki, “Azerbaijan Fibro Cement” (AFC) zavodunda müxtəlif rənglərdə və çeşiddə fasad və dam örtükləri, daxili arakəsmələr, döşəmə üçün nəzərdə tutulmuş fibrosement lövhələri (lifli sement lövhələri) istehsal ediləcək. Fibro sement lövhələr insan sağlamlığına və ətraf mühitə zərəri olmayan, su və rütubət keçirməyən, dayanıqlı, uzunömürlü, yanğına qarşı müqavimətli, yüngül, dekorativ, istilik və səs izolyasiyası xüsusiyyətinə malik tikinti materialıdır. AFC-nin təklif etdiyi məhsul Azərbaycanın inşaat bazarında bir neçə suala innovativ həll təqdim edəcək.
Qeyd edək ki, “Synergy Group” 2010-cu ildə təsis edilmiş investisiya holdinqidir. Əsas fəaliyyəti perspektivli layihələr əsasında şirkətlər təsis etməklə və ya fəaliyyətdə olanları əldə etməklə, maksimal effektiv idarəetməni təmin edərək yüksək gəlirli biznes vahidlərinə çevirməkdir. “Synergy Group” Açıq Səhmdar Cəmiyyəti yüksək inkişaf potensiallı strateji sənaye sahələrinə sərmayə qoyur və həmin sahələrin müasir beynəlxalq tələblərə uyğun inkişafına çalışır. 28-dən çox şirkət daxil olan Qrupun 1500-ə yaxın əməkdaşı var.