AZƏRBAYCAN-ALMANİYA ƏLAQƏLƏRİ YÜKSƏLƏN XƏTT ÜZRƏ İNKİŞAF EDİR
Parlamentin sədri qonaqları səmimi salamlayaraq demişdir ki, Azərbaycanla Almaniya arasında mövcud olan tarixi dostluq əlaqələri bu gün yüksələn xətt üzrə inkişaf edir. Prezident Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquqi, siyasi və iqtisadi islahatlar Azərbaycanın digər ölkələrlə əməkdaşlığına geniş imkan yaradır.
Ölkələrimiz arasında əlaqələrin inkişafında dövlət başçılarının rolunu xüsusi vurğulayan Murtuz Ələsgərov bildirmişdir ki, Azərbaycan Prezidenti Heydər Əliyevin 1996-cı ildə Almaniyaya rəsmi səfəri zamanı imzalanan sənədlər əməkdaşlığımızın hüquqi əsasını qoymuşdur.
Murtuz Ələsgərov Almaniya iş adamlarının Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə qoymasını, hər iki ölkənin parlament üzvlərinin beynəlxalq təşkilatlarda əməkdaşlığını, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Almaniyanın tutduğu mövqeyi yüksək qiymətləndirmişdir.
Səmimi qəbul üçün minnətdarlıq edən nümayəndə heyətinin rəhbəri Markus Löning demişdir ki, Azərbaycana səfərdən əsas məqsəd ölkəmizlə, eləcə də qaçqın və məcburi köçkünlərin ağır sosial vəziyyəti ilə ətraflı tanış olmaq və qarşılıqlı maraq doğuran məsələlərə dair azərbaycanlı həmkarları ilə fikir mübadiləsi aparmaqdır.
Almaniyanın Azərbaycanın problemlərinə biganə olmadığını bildirən qonaq dedi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Almaniya öz mövqeyini açıqlamışdır. Almaniya dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşır. Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdarıq.
Sonra Murtuz Ələsgərov qonaqların Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında müzakirə olunan məsələlər, habelə qarşıdakı prezident seçkiləri və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suallarına ətraflı cavab vermişdir. Parlamentin sədri qarşıdakı prezident seçkilərinin tam aşkarlıq şəraitində və demokratik prinsiplərə uyğun keçiriləcəyini xüsusi vurğulamışdır.
ALMANİYA DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN
DÖVLƏTLƏRİN ƏRAZİ BÜTÖVLÜYÜ ÇƏRÇİVƏSİNDƏ
HƏLLİNƏ TƏRƏFDARDIR
Almaniya Bundestaqının İqtisadi Əməkdaşlıq və İnkişaf Komitəsinin nümayəndə heyəti iyulun 18-də Milli Məclisinin Azərbaycan-Almaniya parlamentlərarası əməkdaşlıq qrupunun üzvləri ilə görüşmüşdür.
Qrupun rəhbəri, Milli Məclisin deputatı, akademik Cəlal Əliyev qonaqları salamlayaraq demişdir ki, Azərbaycan Almaniya ilə əlaqələrin inkişafında maraqlıdır. O, ölkələrimiz arasındakı dostluq əlaqələrinin dərin tarixi köklərindən, bugünkü münasibətlərimizdən və inkişaf perspektivlərindən danışaraq demişdir ki, Almaniyanın dünyadakı siyasi mövqeyi və iqtisadi inkişafı ölkəmizdə diqqətlə izlənilir və bəyənilir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün ağır həyat şəraiti barədə qonaqlara ətraflı məlumat verən deputat özünü həqiqət və hüquq müdafiətçisi adlandıran bəzi ermənipərəst avropalı deputatların bu münaqişənin həllinə kömək etmək əvəzinə, müxtəlif üsullarla Azərbaycana qarşı təzyiq göstərmək cəhdlərinə təəssüfləndiyini bildirmişdir. Akademik Azərbaycanın haqlı mövqeyini müdafiə etməyi və haqq səsini dünyaya çatdırmağı nümayəndə heyətindən xahiş etmişdir.
Səmimi görüş üçün minnətdarlığını bildirən nümayəndə heyətinin rəhbəri Markus Löning demişdir ki, Azərbaycana səfərdən məqsəd ölkə ilə yaxından tanış olmaq, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlərlə bağlı ilk mənbədən ətraflı məlumat toplamaqdır. O, Bundestaqın İqtisadi Əməkdaşlıq və İnkişaf Komitəsinin bir sıra ölkələrə humanitar yardım göstərdiyini, Azərbaycana da bu cür yardım etməyə hazır olduğunu söyləmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan qonaq demişdir ki, Almaniya bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır və bu mövqe heç zaman dəyişməyəcəkdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.
ALMANİYA AZƏRBAYCANLI QAÇQINLARA YARDIMI
DAVAM ETDİRƏCƏKDİR
İyulun 18-də baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov Almaniya Bundestaqının İqtisadi Əməkdaşlıq və İnkişaf Komitəsinin nümayəndələri ilə görüşmüşdür.
Əli Həsənov qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəbləri və nəticələri barədə ətraflı məlumat vermişdir. O, demişdir ki, münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə və Lissabon zirvə toplantısında qəbul olunmuş qərarlara Ermənistanın məhəl qoymaması, dünya dövlətlərinin təcavüzkara münasibətdə qeyri-prinsipial mövqe tutması bu münaqişəni törədənləri daha da azğınlaşdırır. Dünyadakı ikili standartlar Azərbaycan ictimaiyyətində, xüsusən də, məcburi köçkün və qaçqınlarda dərin təəssüf hissi doğurur.
Azərbaycanlı qaçqınlara göstərilən humanitar yardımlara toxunan Dövlətqaçqınkomun sədri demişdir ki, Almaniyanın “DİAPONİ” humanitar təşkilatı ötən illər ərzində ölkəmizə təxminən 4 milyon ABŞ dolları məbləğində yardım göndərmişdir. Almaniyanın bir sıra təşkilatları tərəfindən Sabirabad, İmişli və digər rayonlarda quraşdırma evlərdən ibarət 10 qəsəbə tikilmişdir. Əli Həsənov göstərilən bu yardımlar üçün minnətdarlıq etmiş və yardımların bundan sonra da davam etdiriləcəyinə, eləcə də Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılacağına, ölkəmizin ədalətli mövqeyinin müdafiə olunacağına ümid etdiyini bildirmişdir.
Səmimi qəbul üçün minnətdarlıq edən nümayəndə heyətinin başçısı Markus Löning demişdir ki, Azərbaycana səfərdən əsas məqsəd ölkəmizlə, eləcə də qaçqın və məcburi köçkünlərin vəziyyəti ilə əyani tanış olmaq, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparmaqdır. Səfər çərçivəsində onlar Sabirabad və İmişli rayonlarında məskunlaşmış məcburi köçkünlərə də baş çəkəcəklər.
Qonaq demişdir ki, Komitə inkişaf etməkdə olan, eləcə də müxtəlif problemli ölkələrə hökumət xətti ilə humanitar yardımlar göstərir. Azərbaycana da yardımlar davam etdiriləcəkdir.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Əli Həsənov qonaqların suallarına cavab vermişdir.