Azərbaycan Batumidə keçirilən beynəlxalq konfransda təmsil olunur
Tbilisi, 7 noyabr, AZƏRTAC
Noyabrın 7-də Gürcüstanda “Xüsusi mühafizə olunan təbiət əraziləri” mövzusunda birinci beynəlxalq sammit keçirilir.
AZƏRTAC xəbər verir ki, Borjomi şəhərində keçirilən sammitdə Azərbaycan nümayəndə heyəti ilə yanaşı, dünyanın 20-yə yaxın ölkəsindən yüzdən çox nümayəndə iştirak edir.
“Borjomi Sammiti” adlandırılan bu tədbir Gürcüstanın qorunan ərazilərinin tarixində ilk presedentdir. Burada dünyanın aparıcı milli parklarının və beynəlxalq ekoloji təşkilatların nümayəndələri ilə birlikdə milli parkların idarə edilməsində uğurlu təcrübələr barədə təqdimatlar olacaq.
Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirinin müavini Yuri Nozadze tədbiri açaraq ölkəsində təbiət ərazilərinin, xüsusən də milli parkların və mühafizə olunan təbiət ərazilərinin vəziyyəti, bu sahədə tətbiq olunan qaydalar barədə məlumat verib.
Noyabrın 9-dək davam edəcək sammit çərçivəsində Azərbaycan, Türkiyə, Böyük Britaniya, ABŞ, Rumıniya, Makedoniya, Ermənistan, Ukrayna, İran, Şimali Makedoniya, Albaniya, Bolqarıstan, Monteneqro və Cənubi Koreyadan olan natiqlər biomüxtəlifliyin qorunmasının beynəlxalq modelləri, milli park və sistemlərdə müasir texnologiyaların tətbiqi, ekoturizmin davamlı təşviqi yolları barədə çıxışlar edəcəklər.
Sammitdə həmçinin milli parkların inkişafı ilə bağlı problemlərin və əsas məsələlərin ətraflı öyrənilməsini nəzərdə tutan “Dünya kafesi metodu” adlı xüsusi sessiyalar keçiriləcək. Sammitdə milli parkların mühafizəsi, qanunların icrası, dayanıqlı turizmin inkişafı, maliyyə dayanıqlığı, biomüxtəlifliyin bərpası məsələləri müzakirə olunacaq.
Azərbaycan nümayəndə heyətinin üzvləri bu tədbirlərdə də çıxış edəcək, ölkəmizdə təbiətin mühafizəsi sahəsində görülən işlər, qəbul olunmuş Dövlət Proqramları barədə məlumat verəcəklər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi