AZƏRBAYCAN BEYNƏLXALQ ANTİDOPİNQ KONVENSİYASINA QOŞULACAQDIR
AZƏRTAC xəbər verir ki, martın 3-də “Hyatt Regensy - Naxçıvan” mehmanxanasında Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə dopinqə qarşı mübarizə üzrə respublika elmi-metodiki konfransı keçirilmişdir.
Gənclər və idman naziri Azad Rəhimov bildirmişdir ki, son illər keçirilən beynəlxalq yarışlarda idmançıların dopinqdən istifadə halları artmışdır, bu da onların sağlamlığına və idmanın inkişafına mənfi təsir göstərir. Dünya Antidopinq Agentliyinin (WADA) və İnterpolun məlumatlarına əsasən hazırda dünyada anabolik steroidlərin dövriyyəsi narkotiklərin dövriyyəsindən daha çoxdur. Bütün bunları nəzərə alaraq Gənclər və İdman Nazirliyinin nəzdində yaradılmış dopinqə qarşı mübarizə bölməsində müvafiq işlər aparılır, idman sahəsində qadağan olunmuş dərman və preparatların siyahısı hazırlanmışdır.
Qeyd olunmuşdur ki, Azərbaycan hazırda 46 ölkənin imzaladığı Dopinqə Qarşı Beynəlxalq Konvensiyaya qoşulmağı planlaşdırır.
Xarici işlər nazirinin müavini Xələf Xələfov, səhiyyə nazirinin müavini Elsevər Ağayev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, dopinqin insan orqanizminə mənfi təsirindən, ona qarşı birgə mübarizə yollarından və qarşıda duran vəzifələrdən danışmış, WADA-nın dünya dövlətləri qarşısında qoyduğu tələblər və onların həyata keçirilməsi yolları barədə məlumat vermişlər.
Milli Məclisin deputatları, idman həkimləri, farmakoloji şirkətlərin nümayəndələri, məşqçilər və idmançıların iştirak etdiyi konfransda mövzu ilə bağlı fikir mübadiləsi aparılmışdır.