Azərbaycan dili fənni üzrə imtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası fəaliyyət göstərəcək
Bakı, 30 iyun, AZƏRTAC
Azərbaycan dili fənni üzrə imtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası fəaliyyət göstərəcək.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər iyulun 1-i saat 10:00-dan iyulun 3-ü saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır.
Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər (şagirdlər) DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15 faizi ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. DİM abituriyentlərin (şagirdlərin) nəzərinə çatdırır ki, bu tip müraciətlərə baxılmayacaq. Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər (şagirdlər) DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15 faizi ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin (şagirdlərin) nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.
Xatırladaq ki, iyunun 21-də Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə Azərbaycan dili (dövlət dili) imtahanı keçirilib. İmtahan nəticələri DİM-in internet səhifəsində yerləşdirilib.
İmtahanda iştirakı nəzərdə tutulan 1416 nəfərdən 92 nəfər imtahana gəlməyib.