Azərbaycan Dillər Universitetində festival çərçivəsində film nümayiş olunub
Bakı, 18 aprel, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) bu ali məktəbin ispan dili mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda keçirilən ilk Latın Amerikası Film Festivalı çərçivəsində Kosta-Rika istehsalı olan “Qayıdış” filmi nümayiş etdirilib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, filmin nümayişindən əvvəl çıxış edənlər iki ölkə arasındakı əlaqələrdən danışıb, festival haqqında fikirlərini söyləyiblər.
Qeyd edək ki, Latın Amerikası mədəniyyətini və ənənələrini təşviq etmək üçün Argentina, Braziliya, Kolumbiya, Kosta-Rika, Kuba, Peru və Meksikanın Azərbaycandakı diplomatik nümayəndəliklərinin birgə səyi əsasında Bakıda aprelin 16-dan 19-dək ilk Latın Amerikası Film Festivalı keçirilir. Bu festival çərçivəsində ADU-da aprelin 18-də “Davranış (Kuba)”, aprelin 19-da isə “Təlimatlar qəbul edilmir” (Meksika) və “Qədim dostlar” (Peru) filmləri göstəriləcək.
Festival çərçivəsində nümayiş etdiriləcək yeddi ekran əsəri sayəsində Azərbaycan ictimaiyyəti həmin ölkələrin mədəniyyəti, həyat tərzi və adət-ənənələri ilə yaxından tanış olacaq.