Azərbaycan diplomatik xidmətinin 100 illiyi ilə bağlı Belqraddakı səfirliklər arasında şahmat turniri keçirilib
Bakı, 5 mart, AZƏRTAC
Martın 5-də Azərbaycanın Serbiyadakı səfirliyinin təşəbbüsü və dəstəyi, eləcə də Serbiya-Azərbaycan Dostluq Cəmiyyəti, Belqrad Şəhər Bələdiyyəsi, parlamentin xarici əlaqələr komitəsi və Serbiya Şahmat Federasiyasının təşkilatçılığı ilə bu ölkədə akkreditə olunmuş səfirliklər arasında şahmat turniri keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, turnir Azərbaycan Respublikasının diplomatik xidmətinin 100 illik yubileyi münasibətilə təşkil edilib.
Tədbirdə çıxış edən səfirliyin müşaviri Mahir Cəfərov 100 il əvvəl Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yarandığını, bu dövlətin qurulması ilə diplomatik xidmətin əsaslarının qoyulduğunu diqqətə çatdırıb. Ümummilli lider Heydər Əliyev və onun siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlı olan müasir Azərbaycan dövlətçiliyinin köklərinin Azərbaycan Xalq Cümhuriyyəti ilə sıx əlaqəli olduğu vurğulanıb. AXC-nin qısa müddət ərzində mövcud olmasına baxmayaraq, Xarici İşlər Nazirliyi də daxil olmaqla əsas dövlət institutlarının məhz həmin dövrdə yaradıldığı qeyd edilib. Mahir Cəfərov dövrün çətinliklərinə baxmayaraq, Azərbaycan nümayəndə heyətinin xarici ölkələrlə fəal işlədiyini, diplomatik əlaqələr qurduğunu, müxtəlif konfranslarda, o cümlədən 1919-cu ildə Paris Sülh Konfransında iştirak etdiyini bildirib.
Səfirliyin müşaviri ölkəmizin şahmat ənənələrindən danışıb, turnirə qatılmış hər bir iştirakçıya təşəkkürünü çatdırıb və belə yarışların növbəti illərdə də keçiriləcəyinə ümidvar olduğunu bildirib.
Sonra Belqrad bələdiyyəsinin sədr müavini Vladimir Yestratiyeviç və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Zoran Sam çıxış edərək hər iki ölkənin şahmata olan rəğbətini qeyd edib, müasir mərhələdə Serbiya-Azərbaycan əməkdaşlığının əhəmiyyətinə toxunub, dövlətlərarası münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayıblar.
Daha sonra turnirin rəmzi açılışı olaraq səfirliyin müşaviri və Belqrad bələdiyyəsinin sədr müavini ilk oyuna başlayıblar.
Belqraddakı səfirlik və beynəlxalq təşkilatların otuzdan çox nümayəndəsinin qatıldığı turnir yerli KİV-lər tərəfindən geniş işıqlandırılıb.