AZƏRBAYCAN DOPİNQLƏ MÜBARİZƏDƏ QABAQCIL ÖLKƏLƏRDƏN BİRİDİR
Paris, 27 oktyabr (AZƏRTAC). Oktyabrın 25-27-də Parisdə YUNESKO-nun mənzil-iqamətgahında qurumun təşkilatçılığı ilə idmanda dopinqdən istifadə hallarına qarşı mübarizəyə həsr olunmuş ikinci Beynəlxalq konfrans keçirilmişdir. Konfransda ölkəmizi gənclər və idman naziri Azad Rəhimov təmsil etmişdir.
Nazir konfrans barədə AZƏRTAC-ın xüsusi müxbirinə verdiyi müsahibəsində demişdir:
-Əvvəla qeyd etmək istəyirəm ki, iki il əvvəl YUNESKO-nun təşəbbüsü ilə dopinqlə mübarizəyə həsr olunmuş birinci beynəlxalq konfrans keçirilmişdir. Əgər birinci konfransa qədər olan dövrdə 30-a yaxın ölkə dopinqə qarşı Beynəlxalq Konvensiyanı ratifikasiya etmişdirsə, son iki il ərzində onların sayı 126-ya çatmışdır. Dünyanın 75 dövləti Konvensiyanın hələlik təsdiq etməmişdir. Konfransın gündəliyindəki əsas məsələlərdən biri də Konvensiyaya qoşulmamış ölkələr arasında təbliğat işləri aparmaqdır.
Konfransdakı çıxışlarda dopinqə qarşı mübarizə sahəsində qabaqcıl təcrübələrdən söhbət açılmış, son illər bu işdə əldə edilmiş nailiyyətlərdən bəhs olunmuşdur.
Qeyd edim ki, idmanda dopinqdən istifadəyə qarşı mübarizə nəinki YUNESKO-nun üzvü olan ölkələrə, eyni zamanda, bütün dünyanın dövlətlərinə aiddir. İdman insanların, gələcək nəslin sağlamlığı deməkdir. Heç bir ölkə insan orqanizmi üçün ciddi təhlükə olan dopinqdən istifadəyə yol verməmək məqsədi ilə bu məsələyə xüsusi diqqət yetirir. Azərbaycan idmanda dopinqdən istifadə hallarına qarşı mübarizə aparan qabaqcıl ölkələrdən biridir. Sevindirici haldır ki, ilk 50 ölkə sırasında Milli Məclis dopinqə qarşı mübarizə Konvensiyasını ratifikasiya etmişdir. Bu bir daha onu sübut edir ki, məsələyə Azərbaycanda böyük önəm verilir. Bu məqsədlə 2006-cı ildən etibarən nazirlikdə dopinqə qarşı xüsusi mübarizə bölməsi yaradılmışdır. Bölmə uğurla fəaliyyət göstərir. İdmançılardan dopinq qəbul edib-etməməsi ilə əlaqədar nümunələr götürülərək Rusiya Federasiyasında, Türkiyədə və Almaniyada müxtəlif laboratiyoralara göndərilir, idmançılar arasında maarifləndirmə işləri aparılır. İdmançılarla hansı dərman preparatlarının dopinq siyahısında olması ilə bağlı, demək olar ki, hər ay söhbətlər keçirilir. Bu, çox vacib bir işdir.
X X X
Konfrans çərçivəsində Azad Rəhimov YUNESKO-nun noyabr ayında səlahiyyətləri başa çatmaqda olan baş katibi Koişiro Matsuura və yeni seçilmiş baş katib İrina Bokova ilə görüşdə rəhbərlik etdiyi nazirliklə qurum arasında əlaqələrin inkişafı ətrafında fikir mübadiləsi aparmışdır. Nazir, həmçinin Rusiyanın idman üzrə nümayəndəsi Vyaçslav Fetisovla, Dopinqə Qarşı Beynəlxalq Mübarizə Agentliyinin prezidenti Con Faheylə, Beynəlxalq Paralimpiya Komitəsi sədrinin müavini Migel Sakarri, BMT baş katibinin idman üzrə müavini Vilfried Lemke, Bolqarıstanın, Mərakeşin, Böyük Britaniyanın, İsveçrənin və Kanadanın idman nazirləri Svilen Meykov, Monsef Belkaratla, Cerri Sutslifflə, xanım Hlobisile Nqlovu və Stefan Vollajla görüşlərində idman sahəsində əməkdaşlıq məsələlərini müzakirə etmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris