MƏDƏNİYYƏT
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Qadın məhəbbəti” tamaşasının premyerası olmuşdur
Bakı, 24 dekabr (AZƏRTAC). Dekabrın 24-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Viktor Hüqonun “Mariya Tüdor” pyesi əsasında hazırlanmış “Qadın məhəbbəti” tamaşasının premyerası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Mehdi Məmmədovun tərcüməsi əsasında hazırlanmış tamaşanın janrı ikihissəli şekspirsayağı dram kimi müəyyənləşdirilmişdir.
Tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Ramin Bəykişiyev, musiqi tərtibatçısı Həmid Kazımzadə, rejissor assitenti Ceyran Həsənovadır.
Quruluşçu rejissor Kraliça rolunu Xalq Artisti Məleykə Əsədovaya həvalə etmişdir. Digər rollarda Xalq Artisti Hacı İsmayılov, Əməkdar artistlər Cəfər Namiq Kamal, Sabir Məmmədov, Kazım Həsənquliyev, Ayşad Məmmədov, Əjdər Həmidov, Elxan Quliyev, Telman Əliyev, aktyorlar Elşən Rüstəmov, Hikmət Rəhimov, Şəlalə Şahvələdqızı, İlahə Həsənova və Vüsal Mustafayev çıxış etmişlər.
İnsan, hakimiyyət və məhəbbət mövzusunda olan tamaşa alqışlarla qarşılanmışdır.