ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət Dəmiryolu Liseyi ən önəmli liseylərdən biridir
Bakı, 30 mart (AZƏRTAC). Azərbaycan Dövlət Dəmiryolu Liseyi ən önəmli liseylərdən biridir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Metropoliteninin rəisi Tağı Əhmədov Azərbaycan Dövlət Dəmiryolu Liseyinin 90 illik yubiley tədbiri zamanı jurnalistlərə müsahibəsində söyləmişdir. Bildirmişdir ki, Bakı Metropoliteni hazırda ancaq bu peşə məktəbinin yetişdirdiyi kadrların əməyi sayəsində yüksək səviyyədə fəaliyyət göstərir. Ötən illərdə lisey metro sahəsi üçün peşəkar mütəxəssislər hazırlamışdır. Biz bu lisey ilə sıx əməkdaşlıq edir və qarşılıqlı münasibətlər qururuq. Metropolitenlə liseyin bazası eynidir, metropolitençilər liseydə, lisey tələbələri isə metropolitendə təcrübə keçirlər. Liseydən istehsalata gələn tələbələr Bakı Metropolitenində yüksək səviyyədə təcrübə keçirlər. Sonra onlar maşinist köməkçisi, sonra isə maşinist kimi fəaliyyət göstərirlər. Burada təkcə maşinistlər deyil, başqa ixtisaslar üzrə də işçilər yetişdirilir ki, bu da metropolitenin fəaliyyətinə böyük kömək edir.
Ümid edirəm ki, belə liseylərin sayının artırılması və bu səviyyədə olması respublikamız üçün çox önəmlidir. Ölkəmizin gələcəyi məhz burada yetişən ixtisaslı tələbələrdən asılı olacaqdır.