ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət İqtisad Universitetində “Avrasiyanın Arteriyaları” adlı kitabının təqdimat mərasimi keçirilib
Bakı, 6 iyun, AZƏRTAC
Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində tanınmış iqtisadçı-ekspert Eldəniz Əmirovun Prezident İlham Əliyevin uğurlu dəhliz strategiyasına həsr etdiyi Azərbaycanın nəqliyyat-kommunikasiya və enerji dəhlizləri haqqında yazdığı və materikin 30-dan çox dəhlizini əhatə edən “Avrasiyanın Arteriyaları” adlı kitabının ictimaiyyət üçün təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimatda İqtisad Universitetinin rəhbərliyi, millət vəkilləri, müxtəlif dövlət qurumlarının rəhbər şəxsləri, tanınmış politoloqlar, iqtisadçı ekspertlər, media nümayəndələri və digər qonaqlar iştirak edib.
Tədbirdə çıxış edənlər ölkə rəhbərinin dəhliz strategiyasının bütün komponentləri ilə ictimaiyyətə təqdim edilməsi baxımından bu kitabın böyük əhəmiyyətindən bəhs ediblər. Eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan 10-a yaxın nəqliyyat-kommunikasiya və enerji dəhlizlərinin qlobal geosiyasətin əsas komponentinə necə çevrildiyinin detalları kitabın müəllifi tərəfindən təqdim edilib.
Çıxış edənlər kitabın ciddi əhəmiyyətindən və maarifləndirmə işlərində oynayacağı roldan, dəhlizlərin texniki-iqtisadi və digər göstəricilərinin dəqiq ifadə edildiyinə görə, onun ali məktəblərdə dərs vəsaiti kimi istifadə edilə biləcəyini vurğulayıblar.
Qeyd edək ki, “Avrasiyanın Arteriyaları” kitabında müəllif tərəfindən ABŞ, Rusiya, Çin və digər dünya nəhənglərinin Avrasiyanın dəhlizləri uğrunda apardığı mübarizə, mübarizənin yaratdığı münaqişələr, onların təzyiqi ilə məhv edilən, məhvi planlaşdırılan dəhlizlər haqqında, eləcə də onların gələcəyinə dair təhlil və proqnozlar verilib. Hətta Avrasiya materikinin 30-dan çox nəqliyyat-kommunikasiya, enerji dəhlizlərinin hər birinin tarixi, marşrutları, texniki-iqtisadi parametrləri, onların gələcəyinə dair geniş təhlillər də öz əksini tapıb.
Kitabın region ölkələri və Avropa oxucuları üçün də maraq doğuracağı gözlənilir.