AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİNƏ BEYNƏLXALQ “QIZIL FORTUNA” MÜKAFATI TƏQDİM EDİLDİ
Ukraynanın ölkəmizdəki səfiri Stepan Volkovetskinin də iştirak etdiyi tədbirdə universitetin rektoru, Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının sədri Şəmsəddin Hacıyev Ukrayna-Azərbaycan əlaqələrinin tarixindən, bugünkü səviyyəsindən, müxtəlif beynəlxalq təşkilatlarda mövqe birliyi nümayiş etdirməsindən danışmış, adı çəkilən akademiya, onun “Qızıl Fortuna” mükafatı barədə məlumat vermişdir. Bildirmişdir ki, akademiya 1993-cü ildə beş ölkənin elmlər akademiyasının təşəbbüsü ilə təsis edilmişdir. Hər il onlarla ölkədən ən nüfuzlu alimlər və təşkilatlar “Qızıl Fortuna” mükafatına təqdim olunurlar. Bu il 65 ölkədən təqdim olunmuş 118 təşkilat və şəxsin arasında Azərbaycan Dövlət İqtisad Universiteti fərqlənmiş, noyabrın 3-də Beynəlxalq Reytinq Texnologiyaları və Sosiologiya Akademiyasının qərarı ilə MDB məkanında ilk dəfə olaraq iqtisadi təhsilin yeni modelinin yaradılması və təhsil sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində apardığı uğurlu fəaliyyətinə görə həmin mükafata layiq görülmüşdür.
Məlumat verilmişdir ki, dünya üzrə indiyədək bu mükafata təhsil ocaqlarından üç universitet layiq görülmüşdür. Vurğulanmışdır ki, laureatlar arasında ümummilli liderimiz Heydər Əliyev, akademiklər Mahmud Kərimov və Əli Abbasov da vardır.
Stepan Volkovetski Milli Dirçəliş günü və nüfuzlu mükafat münasibətilə mərasim iştirakçılarını təbrik etmiş, onlara xoş arzularını bildirmişdir. Diplomat “Qızıl Fortuna” mükafatını rektor Şəmsəddin Hacıyevə təqdim etmişdir.
Qonağa xatirə hədiyyəsi bağışlanılmışdır.