Azərbaycan Dövlət Pedaqoji Universiteti tədris və təlimin təkmilləşdirilməsində Avropa təcrübəsini öyrənir
Bakı, 19 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Azərbaycan universitetlərində tədris və təlimin təkmilləşdirilməsi” (PETRA) layihəsi çərçivəsində Avropa təcrübəsinin öyrənilməsi ilə bağlı təqdimat keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə rektor Cəfər Cəfərov PETRA layihəsi çərçivəsində tədris və təlimin, keyfiyyətin təminatı ilə bağlı müasir Avropa təcrübəsinin öyrənilməsinin əhəmiyyətindən danışıb. Rektor qeyd edib ki, layihə çərçivəsində universitet əməkdaşlarının Avropa təcrübəsini öyrənmək imkanı əldə etmələri müsbət haldır. Beynəlxalq layihələrin hazırlanması və həyata keçirilməsi ilə bağlı işləri daha da inkişaf etdirmək, universitetdə bütün sahələrdə keyfiyyətin təmin olunmasına şərait yaradan müasir təcrübəni tətbiq etmək faydalıdır.
ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov ali təhsil müəssisələrinin daha da inkişaf etməsində layihələrin, xüsusilə də beynəlxalq layihələrin özünəməxsus yer tutduğunu vurğulayıb. A.Zamanov bildirib ki, bu cür layihələr universitetin zamanın tələblərinə uyğun istiqamətdə inkişaf etməsinə, yeniliklərin tətbiqinə, müasir Avropa ali təhsil məkanına inteqrasiya etməsinə öz töhfəsini verir.
Sonra ADPU-nun keyfiyyətin təminatı şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov PETRA layihəsi çərçivəsində öyrənilmiş Avropa təcrübəsi haqqında təqdimatla çıxış edib. O, layihənin mahiyyəti, tərəfdaşları, onun əsas məqsədləri, gözlənilən nəticələr, keyfiyyətin təmin olunmasında mühüm rol oynayan amillər və s. haqqında danışıb.