MƏDƏNİYYƏT
Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc)“İlin fotoqrafı - 2011” fəxri diplomuna layiq görülmüşdür
Bakı, 24 dekabr (AZƏRTAC). Bakıdakı “Art Garden” qalereyasında “İlin fotoqrafı - 2011” mükafatının təqdim edilməsi mərasimi keçirilmişdir. Tədbir Azərbaycan Fotoqraflar Birliyi tərəfindən təşkil edilmişdir.
“İlin fotoqrafı - 2011” əsas mükafatını Təhminə Axundova qazanmışdır.
Digər nominasiyalar üzrə qızıl, gümüş və bürünc “Arqus”, “İlin debütü” mükafatları, müasir Azərbaycan foto sənətinin inkişafında yeni meyllərə görə “İlin kuratoru” mükafatı, ustad fotoqraflar üçün təsis edilmiş “50 il foto sənətində müstəsna xidmətlərinə görə” mükafatları verilmişdir. Dünyasını dəyişmiş fotoqraflar üçün nəzərdə tutulan “Azərbaycan foto sənətində müstəsna xidmətlərinə görə” mükafatları onların ailə üzvlərinə təqdim edilmişdir.
Azərbaycan Fotoqraflar Birliyi KİV ilə işə xüsusi diqqət yetirir. Azərbaycan Dövlət Teleqraf Agentliyinə (AZƏRTAC), Space TV-nin “Mədəniyyət saatı” proqramına, “Fotoqrafika” elektron jurnalına, AzPRESS agentliyinə və “İrs” jurnalına “Müasir Azərbaycan fotoqrafiyasının inkişafına və təbliğinə töhfəyə görə” fəxri diplomu və xatirə hədiyyələri verilmişdir.
Fotoqraflar Birliyi yanında “Yeni başlayanlar üçün fotoqrafiya kursu”nu bitirənlərə sertifikatlar təqdim edilmişdir.
Mükafatların təqdim edilməsi mərasiminin iştirakçılarına ən yaxşı fotoqraflar və onların işləri haqqında videoçarx nümayiş etdirilmiş, muğam üçlüyünün konserti olmuşdur.